Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”nin baş müdiri Mehmet Canbekdən ibarət heyət Azərbaycanda səfərdədir.
Yenicag.az xəbər verir ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyin Büyükfırat Türkiyədən Azərbaycana səfər edən heyətlə görüş keçirib.
Görüş zamanı Hüseyin Büyükfırat Azərbaycanın çətin günlərində Bakıya gəldiyini bildirib və burada universitet oxuduğunu deyib. Türkiyədə Azərbaycanın yaxşı tanınmadığını bildirən TÜİB sədri qeyd edib ki, bunun üçün işlər görürük:
“Payitaht Abdulhamid” serialında Azərbaycan və onun tanınmış milyonçusu Hacı Zeynəlabdin Tağıyev obrazını gətirdik. Bundan sonra fikrimiz var ki, “Diriliş Ertuğrul” serialına da Azərbaycanı gətirək. Azərbaycanın Türkiyədə daha da yaxşı tanınması üçün işlər görəcəyik”.
Hüseyin Büyükfırat Cocuq Mərcanlı layihəsi barəsində məlumat verərək bildirib ki, orada insanların işləməsi üçün də fəaliyyət göstərirlər:
“Cocuq Mərcanlı Azərbaycanın Qarabağa qayıdış layihəsidir. Orada yeni qəsəbə salındı. Biz də bunu kənardan izləyə bilməzdik. Ona görə də, orada yaşayan insanların çalışması üçün iş yerləri açdıq. Bu layihəyə orada yaşayan insanları cəlb etmişik. Arıçılıq mərkəzi artıq fəaliyyətə başlayıb, ardınca da digər mərkəzlər işə düşəcək”.
TÜİB sədri Urfa layihəsini Şanlıurfa böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçiyə təqdim edib. Urfanın Azərbaycanla bağlılığından danışan Hüseyin Büyükfırat bildirib ki, tarix Urfa ilə Azərbaycanı birləşdirir:
“Urfada Ağqoyunlu, Qaraqoyunlu adlı yer adları var. Ağqoyunlu və Qaraqoyunlu dövlətləri isə tarixdə Azərbaycan dövlətləri olub. Bu səbəbdən də düşündük ki, Urfa ilə Azərbaycanı birləşdirən layihə hazırlayaq”.
Şanlıurfa böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi isə layihəni bəyənərək bildirdi ki, layihənin həyata keçməsi üçün bələdiyyə başqanı olaraq əlindən gələn bütün dəstəyi verəcək.
Toplantıdan sonra isə Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı Nihat Çiftçi Yenicag.az-a açıqlama verib. Bələdiyyə başqanı bunları deyib:
“Bakı gözəl şəhərdir. Azərbaycana ilk dəfədir ki, gəlirəm. Hakimiyyət nümayəndələri, millət vəkilləri ilə görüşlərimiz oldu. Hüseyin Büyükfırat Şanlıurfalıdır. Azərbaycanla Şanlıurfa arasındakı əlaqələri TÜİB sədri yaradır və möhkəmləndirməyə çalışır. Bakı-Urfa layihəsini bizə təqdim etdilər. Şanlıurfa Böyükşəhər bələdiyyə başqanı olaraq deyirəm ki, bu layihəni dəstəkləyəcəyik. Uzun Həsənlə, Ağqoyunlularla, Qaraqoyunlularla bağlı Urfada çoxlu yer adları, məscidlər, körpülər, tarixi abidələr var. Onlar hamısı hələ də yaşamaqdadır. Bununla bağlı Azərbaycanla əlaqələrimizi möhkəmləndirib, həmin abidələri bərpa etmək istəyirik.
Urfada Qaraköprü rayonunda yeni və çox böyük bulvar açdıq. Bulvarın adını Azərbaycan qoymuşuq. Eyyubi rayonunda isə 106 hektarlıq park yaratdıq, o parkın da adını Azərbaycan qoyduq. Bu işləri gördükdən sonra bizi Azərbaycana dəvət etdilər. Bakıda isə mədəni və tarixi bağlılığımızı gördük. Bundan sonra əlaqələrimizin möhkəmlənməsi üçün əlimizdən gələni edəcəyik”.
Görüşlər bitdikdən sonra isə Türkiyədən gələn heyət TÜİB sədri Hüseyin Büyükfıratla birgə Ağdam təmsilçisi “Qarabağ”ın Çempionlar liqasındakı oyununu Tofiq Bəhrəmov adına Respublika Stadionunda izləyiblər.
Səxavət Məmməd
www.yenicag.az