Bakı və İrəvan EYNİ MASADA: “Üçüncü tərəflər bu görüşlərdə iştirak etməyəcək”

“Əvvəla, Azərbaycan balanslı xarici siyasət yürüdərək, nə Qərbə, nə də Rusiyaya tərəf açıq şəkildə meyllənib. Bəzən belə təsəvvür yaranırdı ki, Azərbaycan Qərbə daha yaxın, bəzən isə Rusiya ilə daha çox əlaqəli görünür. Ancaq faktiki olaraq, Azərbaycanın siyasəti hər iki tərəflə əlaqələri saxlayaraq balansı qorumağa yönəlmişdi. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycan bütün tərəflərlə normallaşma prosesinə başlayaraq, bu tərəflərin konstruktiv şəkildə əməkdaşlıq etməyə çalışmasını müşahidə etdi”.

Bunu Yenicag.az-la söhbətində politoloq Oktay Qasımov deyib.

Siyasi təhlilçi Ermənistan Milli Məclisinin sədri Alen Simonyanın Ermənistan-Azərbaycan danışıqlarında Rusiyanın vasitəçiliyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki erməni parlamentari söyləyib ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini çətin ki, qəbul etsin.

O. Qasımovun sözlərinə görə, zaman keçdikcə anlaşıldı ki, prosesə nə qədər çox vasitəçi daxil olarsa, onlar öz maraqları ilə müdaxilə edir və nəticədə prosesin ləngiməsinə səbəb olurlar:

“Bu səbəbdən Azərbaycan 2023-cü ilin noyabr ayında ikitərəfli danışıqlara keçməyi təklif etdi və bu, öz nəticələrini verdi. Məhz bu formatın tətbiqindən sonra 2023-cü ilin 7 dekabrında Azərbaycan Prezidenti Administrasiyası ilə Ermənistan baş naziri arasında birgə bəyanat yayımlandı, hərbi əsirlər dəyişdirildi, sərhədlərin delimitasiya və demarkasiya komissiyalarının işi aktivləşdi. Həmçinin, işğaldan azad edilən dörd kəndimiz geri qaytarıldı”.

Onun fikrincə, bugünkü vəziyyətdə biz bir daha vurğulamaq istəyirik ki, prosesdə üçüncü bir vasitəçinin iştirakı zəruri deyil:

“Tərəflər ikitərəfli formatda danışıqlarını davam etdirə bilərlər və bu formatda aparılan müzakirələrin nəticəsi olaraq, sülh müqaviləsinin 17 maddəsindən artıq 10-u razılaşdırılıb. Növbəti mərhələlərdə, xüsusilə 2025-ci ilə qədər Rusiyanın vasitəçi rolunu oynayacağını gözləmirik. Çünki Ermənistan özü də Rusiyanın təmsil olunduğu formatlardan mümkün qədər yayınmağa çalışır”.

Analitik əlavə edib ki, Azərbaycanın hazırkı gərginlikdən Rusiyaya qarşı mövqeyi isə prosesin təbii bir hissəsi kimi davam edir:

“Bizim üçün əsas olan ikitərəfli danışıqlardır. Kiminsə təşəbbüsü ilə görüşlər təşkil olunsa da, üçüncü tərəflər bu görüşlərdə iştirak etməyəcək. Məsələn, keçən il Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şolts tərəfindən təşkil edilən görüşdə o, öz təşəbbüsü ilə liderləri dəvət edərək, sonra görüşdən çıxdı və Azərbaycanla Ermənistan tərəfi birbaşa müzakirələr apardılar. Eyni şəkildə, keçən ilin oktyabr ayında Kazanda keçirilən toplantıda da Azərbaycan və Ermənistan rəhbərləri öz aralarında müzakirələr apararaq, geniş tərkibli görüşlər keçirdilər. Bu təcrübələr göstərir ki, vasitəçilərin prosesdə iştirakı ümumilikdə faydalı olmur. Bizim beş ildən bəri gəldiyimiz yekun nəticə budur: ATƏT-in Minsk qrupunun vasitəçiliyini isə əvvəldən kənara qoyuruq”.

Rafi Müslümov