Bakıda CASCFEN və DASAM arasında Əməkdaşlıq Protokolu imzalanıb - FOTO/VİDEO
Fevralın 27-də Azərbaycanda fəaliyyət göstərən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) ilə Türkiyənin aparıcı düşüncə mərkəzlərindən olan Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi (DASAM) arasında Əməkdaşlıq Protokolu imzalanıb.
Yenicag.az xəbər verir ki, “Litera” kitab mərkəzində keçirilən imzalanma mərasimində CASCFEN üzvləri, media təmsilçiləri, həmçinin aparıcı fəal gənclər iştirak ediblər.
Sənədi CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri və DASAM başqanı, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu imzalayıblar.
Tədbirdə çıxış edən CASPİA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev imzalanan sənədin əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya üçün strateji önəmini vurğulayaraq, bu cür əməkdaşlıqların regional inteqrasiyaya və intellektual tərəfdaşlığa böyük töhfə verəcəyini qeyd edib.
Qeyd edilib ki, sənəd iki qurum arasında strateji, akademik və intellektual əməkdaşlığın institusional əsasda inkişafını nəzərdə tutur.
Protokol çərçivəsində Türkiyə-Azərbaycan münasibətləri, Güney Qafqaz və Orta Asiyanın geosiyasəti, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, ictimai diplomatiya və media sahəsində birgə araşdırmalar aparılacaq. Tərəflər Türk Dünyası perspektivində ortaq düşüncə istehsalı, bu istiqamətdə sənədlərin hazırlanması və analitik hesabatların dərcini həyata keçirəcəklər.
Sənəd həmçinin konfranslar, panellər, strateji dialoq görüşləri, gənc tədqiqatçılar zirvələri və vətəndaş cəmiyyəti forumlarının təşkili ilə bağlı əməkdaşlığı ehtiva edir. Üç dilli nəşrlər, rəqəmsal platformalar və regional analitik bülletenlərin hazırlanması da əməkdaşlıq istiqamətləri sırasındadır. Bundan əlavə, ekspert və tədqiqatçı mübadiləsi proqramları, birgə sahə araşdırmaları və qısamüddətli akademik səfərlər həyata keçiriləcək.
Protokola əsasən, tərəflər milli və beynəlxalq qrant proqramlarına birgə müraciət edəcək, Türk Dünyası layihələrinin təşviqi və potensialın artırılması istiqamətində ortaq təşəbbüslər irəli sürəcəklər. Əməkdaşlığın koordinasiyası üçün nümayəndələr təyin olunacaq və illik fəaliyyət planı hazırlanacaq.
Sənəd qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanır və imzalandığı tarixdən etibarən iki il müddətinə qüvvədədir.
İmzalanmadan sonra medianı maraqlandıran suallara cavab verilib.













