Bakının Xətai rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, “10-KX-330” dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobil Babək prospektinin təmir olunan hissəsi ilə üzü mərkəz istiqamətinə hərəkətdə olan zaman qəfil qarşısına çıxan 40-45 yaşlı kişini vurub.
Qapalı kəllə-beyin travması alan piyada, sürücünün köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının huşu özündə olmadığına görə, onun ad-soyadını müəyyən etmək mümkün olmayıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün avtomobilini cərimə meydançasına yerləşdiriblər. Sürücü məsuliyyətə cəlb edilib. (Report)