Sığorta şirkətlərinin ödənişdən BOYUN QAÇIRMASI: "Sürücüdən asılı olmayan qəza hallarında..."
“Sürücüdən asılı olmayan qəzalara görə sığorta şirkətləri ödəniş etmir”.
Bunu sığorta ödənişləri ilə bağlı mövcud çatımazlıqlardan danışan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, avtomobillərin yolların pis olmasına görə qəzaya uğraması infrastrukturun yaratdığı çətinliklərlə bağlıdır:
“Azərbaycanda bununla bağlı hər hansı proses nəzərdə tutulsa belə, bir hal baş verməyib ki, kimsə zərər çəkdiyinə görə hər hansı bir dövlət qurumunu məhkəməyə verə və məhkəmədə bu proses onun xeyrinə həll olunaraq müvafiq icra hakimiyyəti orqanı dəymiş zərəri qarşılaya. Adətən, belə hallarda kasko sığorta nəzərdə tutulur və sığorta şirkətləri ilə həll edilir. Dəymiş zərərin hesablanmasına gəldikdə bizdə belə hadisələr yalnız sığorta ilə tənzimlənir. Digər məsələlərdə isə sığorta rol oynamır. Azərbaycanda isə icbari sığorta mövcuddur. Bu sığortada isə belə bir bəndin olması real görünmür”.
Ekspert belə hallara görə sığorta şirkətlərinin zərəri qarşılamadığını qeyd edib:
“Hələ də biz rast gəlməmişik ki, yolda açıq olan lyuka görə sığorta şirkəti kiməsə vəsait ödəsin. Yalnız qəza şəritində qarşı tərəfə ödəniş edilir. Yolun əyri olması, çürümə halları və sürücüdən asılı olmayan digər qəza hallarında bu, fövqəladə vəziyyət kimi qiymətləndirilir. Məsələn, yağışdan sonra lyukun ağzı açıq qalıb, külək əsib ağac avtomobilin üstünə düşüb. Burada maraqlı tərəf yoxdur, sadəcə zərərçəkmiş tərəf var ki, o da vətəndaşdır. Belə olan halda, kasko sığortalarla və ya ona bənzər sığortalarla belə vəziyyətin aradan qaldırılması mütləq və zərurətdir”.
Nurlan Cəfəri












