Bakıda vətəndaşın son pullarını belə taladılar: Nfc ilə ard-arda oğurluq – ŞİKAYƏT/FOTO
Paytaxtda bank kartının ələ keçirilməsi və hesabdan ardıcıl olaraq qanunsuz ödənişlərin edilməsi ilə bağlı səs-küylü şikayət daxil olub. Vətəndaşın ehtiyatsızlığından istifadə edən naməlum şəxs və ya şəxslər, qısa müddətdə hesabı boşaldıblar.
Yenicag.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, “Araz” marketin qarşısındakı bankomatdan (ATM) pul çıxarıldıqdan sonra baş verib.
Zərərçəkmiş şəxs bildirib ki, kartın itməsindən gec xəbərdar olduğu üçün cinayətkarlar “LeoBank” kartındakı vəsaiti rahatlıqla xərcləyiblər. Oğrular əsasən NFC (təmassız ödəniş) üsulundan istifadə edərək yanacaqdoldurma məntəqələri və marketlərdə alış-veriş ediblər.

Həmin şikayəti təqdim edirik:
“Bu gün Masazırda, ‘Araz’ marketin qarşısındakı ATM-dən nağd pul çıxardıqdan sonra ‘LeoBank’ kartım ələ keçirilib. Kartın düşdüyünü bilmədən evə gəlmişəm, telefonumun enerjisi bitdiyi üçün sönülü olub. Bir qədər əvvəl telefonu açanda dəhşətə gəldim. Gördüm ki, kartımdan NFC ilə iki dəfə YDM-dən yanacaq alınıb, daha sonra marketlərdə ard-arda nağdsız ödənişlər edilib. Hətta ‘Lyuks’ marketdə 46 manatlıq alış-veriş etmək istəyiblər, amma balans bitdiyi üçün imtina verilib. Beləliklə, son vəsaitim də talanıb. Fotoda xərclənən məbləğlər və vaxt dəqiqəsinə qədər görünür”.
Vətəndaş bildirir ki, kartı ələ keçirən şəxs balansda pulun bitdiyini görsə də, hələ də kiçik məbləğlərlə alış-veriş cəhdləri etməkdə davam edir.
Nəsimi Ələsgərli












