“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişdi
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nda dəyişikliklər edib.
Yenicag.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, xüsusi cari hesabların sayı 7-dən 9-a çatdırılıb. Yeni hesablar aşağıdakı kimidir:
– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı cari hesab – elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.5-ci maddəsində nəzərdə tutulan ödəniş xidmətini göstərməsi;
– elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə bağlı olmayan digər ödəniş xidmətlərinin göstərilməsi üçün cari hesab – ödəniş təşkilatı və elektron pul təşkilatının “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 3.1.1-3.1.4-cü maddələrində nəzərdə tutulan ödəniş xidmətlərini göstərməsi.