Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov Yenicag.az saytına müsahibə verib.
O, müsahibəsində qurumun gördüyü işlərlə yanaşı, millimizin sabiq məşqçisi Hafiz Süleymanovun federasiyasa haqqında səsləndirdiyi ittihamlara da cavab verib.
– Məlum olduğu kimi Ağır Atletika Federasiyasına yeni nəfəs gəlib. Maraqlıdır, federasiyaya yeni rəhbərlik gələndən sonra hansı işlər görülüb?
– Bildiyiniz kimi, keçən ilin iyul ayından federasiyaya yeni bir heyət gəldi. Bizim hamımız beynəlxalq dərəcəli hakimlərik, bu idman növü ilə məşğul olmuşuq, SSRİ idman ustalarıyıq. Bizdə təsadüfi adamlar yoxdur. Federasiya iki istiqamətdə fəaliyyətini düzgün qura bilir. Birincisi, mütəxəssislərin olması, ikincisi də federasiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi. Keçən ildən bu işlərə start vermişik. Yüzdən çox idmançını öz bayrağımız altında birləşdirdik. Məlum olduğu kimi, son zamanlar dopinqlə bağlı böyük problemlər yaşadıq. Əslində, dopinqlə mübarizə bizim işimiz deyil. Amma faktiki olaraq bunun fəsadlarını biz görürük. İdmançıların yetişməsi çox ağır prosesdir. Təsəvvür edin ki, bu illər ərzində yeniyetmələrdən ibarət yığma komandaya uşaqları verdik. Hazırda mərhələ yarışlarını keçiririk. Bu yarışlarda 500-700 idmançı iştirak edirdi. Daha sonra yaş həddi müəyyənləşdirdik ki, 10 yaşdan aşağı olan uşaqlar bu mərhələdə iştirak edə bilməz. Və belədə, iştirakçıların sayı 450-ə qədər azaldı. Amma biz rəhbərliyə gələndən sonra bunu federasiya yarışları etdik. Bütün idman təşkilatlarından mərhələ yarışlarında iştirak edənlər var. Və bundan sonra uşaqları seçib, çəki dərəcəsində formalaşdırıb, Azərbaycan birinciliyi, çempionatı və kuboku yarışlarına buraxırıq. Əvvəllər bir ildə 4 yarış keçirilirdisə, indi isə bunun sayı 11-ə bərabərdir. İdmançılar daima körpüçük, mübarizə görürlər. Bunun nəticəsində idmançıların beynəlxalq yarışlar üçün təcrübə qazanır.
– Dopinq qalmaqalı sizin federasiyadan da yan keçmədi…
– 2006-cı ildə iki idmançımız dopinqə “ilişdi”. 2011-ci ildə də eyni say idi. Ancaq 2013-cü ildə say 18-ə qalxdı. 2015-də isə 6 nəfər dopinqə düşdü. Eyni ildə dünya çempionatında 4 idmançımızda dopinq aşkarlandı. Bu onu göstərdi ki, biz bu istiqamətdə mütləq mübarizə aparmalıydıq.
– Nə etmək lazım idi?
– Söhbət ondan gedir ki, 2016-cı ilin iyuluna qədər yığmada işləyən məşqçilər bütün bu proseslərə görə işlərindən uzaqlaşdırıldı. Yeni məşqçilərin seçilməsi məsələsi gündəmə gəldi. Bu məsələ də təyinetmə sistemi ilə olmadı. Seçki formasına üstünlük verdik ki, qoy bütün respublikanın məşqçiləri buyursun və hansıları layiqdirsə, onlar da işləsinlər. Təbii ki, məşqçilərin hamısı eyni səviyyədə ola bilməz. Bu etapda da 100-dən çox uşağı təlim-məşq toplanışı başladı. Rayonlar da məşqçilər işləməlidir ki, bölgələrdə yerli idmançıların hazırlığını təmin edək. Keçən il 100-dən çox analiz götürdük. Çox ciddi mübarizə apardıq. Analizlərin cavabını aldıqdan sonra lazımı işlər gördük. İlk növbədə daxili cəzaları tətbiq etdik. Bu, çox çətin proses idi. İdmançıda psixoloji hiss var ki, dopinqsiz mümkün deyil. Xeyr! Mümkündür! Bu məsələ ilə bağlı bütün dünyada mübarizə gedir. Biz də çalışırıq ki, bu məsələlərlə ayaqlaşaq. Məsələni maarifləndirmə səviyyəsinə qədər çatdırdıq. Öz litseyimiz də fəaliyyət göstərir. Orada 40-dan çox ağır atlet təhsil alır. 2001, 2002, 2003, 2004 və bir idmançımız da 2005 təvəllüddür. Bütün bu uşaqlara ehtiyat qüvvə kimi baxırıq. Onlar litseyimizdə oxuyurlar, qidalanırlar, tədris ili üçün burada qalırlar. Xırda zədələlər olanda belə, onlada tibbi yardım göstərilir. Onlara burada böyük qayğı göstərilir.
– Dopinq məsələsində günahkarlar kimlər idi?
– Ağır atletika ailəsində belə şeylər mövcud idi. Bu, çox incə məsələdir. Biz deyə bilmərik bunu məşqçi edir, yoxsa idmançı. Fakt budur ki, dopinqdən istifadə edilib. Noyabr ayında cənab prezident də dopinqlə bağlı fərman verdi. Bizim özümü də bu məsələ ilə bağlı seminarların keçirilməsini gündəmə gətirdik. Mütamadi olaraq yoxlamalar davam etdirilir. Legioner məsələlərinə də qarışmırıq. Bildiyiniz kimi iki legionerimiz dopinqlə bağlı cəzalıdır. Digər əsas idmançılarımız da uzunmüddətli cəzalanıblar.
– İdmançı dopinq qəbul edir və uğur qazanır. Bunu müqabilində dövlətdən, federasiyadan yüksək məbləğdə mükafatlar alır. Sonra isə onun dopinq qəbul etdiyi ortaya çıxır. Bəs, bu məsələdə nə etmək olar?
– “Rio-2016″da qırğız idmançı bürünc mükafat qazanmışdı. Ancaq sonradan məlum oldu ki, o, dopinq qəbul edib. Və bunun nəticəsində idmançı mükafatdan məhrum oldu. Bu, bir çox dövlətlərdə də qəbul olunub. İstənilən yarışlardan sonra pul mükafatını verərkən dopinqlə bağlı qərarı gözləmək lazımdır. Bu, mənim şəxsi fikrimdir.
– Millimizin sabiq məşqçisi Hafiz Süleymanov federasiyası haqqında bir sıra ittihamlar irəli sürüb. O, müsahibəsində məşqçilərinizi savadsız adlandırıb. Süleymanovun ittihamlarına cavabınız nədən ibarətdir?
– Hafiz Süleymanovun dedikləri məhəllə söhbətindən o tərəfə çıxmır. Bu il yanvarın 1-dən iyulun 30-dək federasiya gördüyü bütün işlər barədə hesabat verdi. Bakıda, eləcə də bölgələrimizdə bir çox idman zallarını təmir etdirdik. Yüksək dərəcəli idmançıların yetişdirilməsi ilə yanaşı, infrastruktur məsələsinə də diqqət yetiririk. Çünki ağıt atletikanın coğrafiyasını genişləndirmək bizim üçün vacib məsələdir. Bütün bunların qarşılığında müəyyən cılız işlərlə də rastlaşırıq. Bizim məşqçilər praktiki savada malik olan insanlardır. Hafiz Süleymanov yetirmələrindən danışır. Əslində həmin idmançılar onun yetirmələri olmayıb. Bir qızımız legioner idi. Təbii ki, onun üzərində Süleymanovun əməyi var. Rövşən Fətullayev Məmməd Məmmədovun tələbəsidir. 6 ay ərzində 147 gün təlim-məşq toplanışında olmuşuq. Təlim-məşq toplanışlarının sayını artırmağa məcburuq. Çünki idmançı daima formada qalmalıdır. Süleymanov daha sonra Nataliya Prişepadan söz açır. Deyir ki, o kimdir? Nataliyagil də qadınlardan ibarət millidə əziyyət çəkdilər və bəhrəsini gördülər. Sonra məşqçimiz Taleh Hüseynovun adını çəkir, deyir sürücdür. Əlbəttə ki, insan çörəyini qazanmaq üçün qadağan olunmayan hər bir vasitədən istifadə etməlidir. Burada ayıb heç nə yoxdur. Taleh müəllim Lənkəran Təhsil İdman Mərkəzində məşqçi işləyib. Düzdü, ali məktəbdə oxumayıb, amma idmançı olub, indi də instituta hazırlaşır. Amma məşqçi işlədiyi müddətdə ikiqat Avropa birincisi Səbinə Əzimovanı yetişdirib. Düzdü, onun yetişməsində Hafiz və Anar müəllimin də əziyyəti olub. Amma Səbinənin əlində tutub zala gətirən Taleh Hüseynov olub. Bundan başqa o, keçən il Polşada keçirilən Avropa birinciliyinin bürünc mükafatçısı Qasımov Rüstəmi yetişdirib. O da çox ümidverici idmançıdır. Bundan başqa Nizam Rufullayevin də adını çəkir. O, bu il kollecə daxil olub. Nizamın özü Lerikin Piran kəndində “Zirvə” İdman Klubu tərəfindən tikilən idman zalında neçə illərin məşqçisidir, idman ustadır. Avropa birinciliyinin qızıl medalçısı Füqan Əliyevin şəxsi məşqçisidir. Yalnız idmançını əlindən tutub zala gətirən məşqçilər pafosla danışa bilər. Bu, Hafiz Süleymanovda yoxdursa, danışmağa ixtiyarı da yoxdur. Hafiz müəllim dünya çempionu ola bilər, amma elə məsələlər var ki, buna diqqət yetirməlidir.
– Hafiz Süleymanov qeyd edir ki, onun Azərbaycandan ayrılmağına səbəb Ağır Atletika Federasiyasında baş verən özbaşınalıqlardır…
– Bu insan qadınlardan ibarət yığma komandanın baş məşqçisi olmaq istəyirdi. Amma ola bilmədi. Çünki seçkilərdə məğlub oldu.
– Seçki hansı formada aparılmışdı?
– Bu, gizli formada təşkil olunmuşdu. Seçkidə də 57 məşqçi iştirak etmişdi.
– Bəs, məşqçilər arasında yaradılan qruplaşma seçkinin nəticəsinə təsir göstərə bilməzdi ki?
– Xeyr. Yığmada daha təcrübəli insanlar işləməlidirlər. Biz federasiyaya yeni nəfərs gətirdik. Cavanlara dəstək olduq. Bu dərəcədə cılız söhbətlər olmaz. Hər federasiyasının mətbəxində söhbətlər ola bilər. Amma bardaqdan söhbət gedə bilməz. Bu, Azərbaycan xalqını aldatmaqdır. Tibbi təminat yerinə yetirilir, maliyyə məsələləri şəffafdır, mətbuat xidmətimiz öz işini görür və s. Bir də görürsən sosial şəbəkələrdə məsələnin həqiqliyini bilmədən federasiya barəsində təhqiramiz ifadələr işlədirlər. Biz bu məsələ ilə bağlı müvafiq orqanlara müraciət etməyi də düşünürük. Son olaraq isə Hafiz Süleymanovun adını çəkdiyi məşqçimiz Elnur Hüseynov barəsində də danışmaq istəyirəm. Qeyd edir ki, dünya çempionatımıza gedən idmançımız yoxdur. Düz deyir, təkcə Rövşən Fətullayevdir. Görəsən, bir il ərzində dünya çempionatı səviyyəsində idmançını hazırlamaq asandır? Hafiz müəllim diplomdan danışır. Bir ali məktəbə getdiyi günü bilir, bir də bitirdiyi günü. Hansı parta arxasında oturub? Hansı elmi işlə məşğul olub? Oxumamış diplomu almaq bizim savadlı olmaq kriteriyamızı ölçürmü? Hazırda Ağır Atletika Federasiyası prezidentimiz də başda olmaqla diqqət mərkəzindədir. Yenicag.az-ın redaksiya heyətində minnətdarlığımı bildirirəm. İstənilən vaxt yarışlarımızla, şəraitimizlə yerində tanış ola bilərsiz. Haqqımızda səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
Emin Səfərov
www.yenicag.az