Baş prokurora açıq məktub

media-hightechnic-468x90

xatire-300x300AR Baş Prokuroru cənab Zakir Qaralova
AÇIQ MƏKTUB

Cənab Baş Prokuror! Ölkənin Ali hüquqşünası olduğunuz üçün Sizə bəsit bildiyim qanun maddələrini yazmadan 3 ildən sonra ilk dəfə olaraq təkrar bildirirəm ki, qardaşım oğlu Murad Cavanşir oğlu Quliyev (1988-ci il təvəllüd, ciddi xroniki xəstəliyi ilə bağlı hərbi xidmətdən möhlətlidir) hadisədə təqsirsiz olduğu və buna görə də işə xitam verilməsi barədə SRPİ tərəfindən verilmiş düzgün qərar, texniki ekspertiza rəyi 1 il sonra gizlicə dəyişdirilmiş və gizlicədə istintaq aparılıb məhkəməyə verilmiş, orda da 1 il sonra tapılmış yalançı şahidlər, saxta sənədlər, sifarişli ittihamla 263.2 cinayət maddəsi ilə təqsirləndirilib 4 il həbs, 18 sürücülük hüququndan məhrum olma cəzaları almışdır.
Ona qarşı 1-ci instansiya məhkəməsində baş vermiş sonsuz qanunsuzluqlar və ədalətsizliklər Bakı Appellyasiya məhkəməsində Rizvan Səfərovun sədrliyi ilə müttəhim Murad Quliyevsiz və onun vəkili Ə.Hüseynovsuz keçən hazırlıq iclasında istintaqsız məhkəmə qərarı qəbul edilmiş, bununla da Sabunçu məhkəməsində olduğu kimi bir çox sübutlarımız, vəsadətlərimiz məqsədli olaraq saya salınmadan Hökm qüvvədə qalmışdır.
Murad Quliyevin baş vermiş hadisədə heç bir təqsiri olmadığı və buna görə də işə xitam verilməsi haqqında Sabunşu Rayon Polis İdarəsinin 12.09.2011- ci il tarixli Qərarı, eyni zamanda 09.09.2011-ci il tarixli Avtoekspertiza Rəyi ilə bərabər, sona qədər dəyişdirilməmiş Protokol mövcud olmuşdur.
Bu rəsmi sənədlərdə Murad Quliyevin maşınının sağ tərəfində təkərin üzərində batıq, əzik yerləri, qəzadan öncə Muradın maşınının 17 metr qabaqda olması, habelə onun sürəti saatda 60-70 göstərilmişdir ki, bu faktlar qeyd-şərtsiz olaraq Muradın deyil, hadisədə iştirakçı olan “Niva” maşını sürücüsünün təqsirini təsdiqləyir.
Bundan başqa hadisə baş verəndən sonra hadisə yerinə çağırılmış və 1 dəqiqəyə ora (Maştağa Təcili Yardım İdarəsi həmin ünvana çox yaxındır) gəlmiş 2 təcili yardım maşını, təbii 4 nəfərlik tibb personalı və 2 sürücü xəsarət alanları xəstəxanaya çatdırmaqla bu hadisənin həm də əyani olaraq əsas şahidləri olmuşlar.
Cənab Baş Prokuror!
Bu da əsas faktlardandır ki, hadisə yerinə qısa zamanda gəlmiş müstəntiq Murad Quliyevi və onun 18 yaşlı qardaşını şahid kimi idarəyə aparıb “isti-isti” də ifadələrini almışdır. Orada hadisəni “gördüm” deyən heç kim olmamışdır və. hadisə yerində çəkilmiş və mövcud olan 10-larla foto şəkildə də orada 1 il sonra tapılmış şahidlər görünmür.
Bu cür ciddi əsaslar saya salınmadan, həmçinin yoldakı kameranın lenti itirilərək birdən-birə düzgün qərar hadisədən 1 il sonra Bakı şəhər prokurorluğunda məhz Sərvər Məmmədovun son dərəcə əsassız bir məktubu ilə 1-cə gün müddətinə dəyişdirilmiş və 6 aya yerinə yetirilmiş istintaq 1 həftəyə necə deyərlər, sökülüb yığılmış, maşınlarda olmuş sürücələrin ad-soyadlarının yeri dəyişdirilməklə bu dəfə Murad Quliyev eyni qanun maddələri ilə günahkara çevrilmişdir.
Məlumdur ki, obyektiv olaraq hadisədən dərhal sonra verilən Avtotexniki Ekspertiza rəyi 1 il sonra tapılmış şahidlərin ifadələri əsasında dəyişilə bilməz. Hələ üstəlik bu ifadələr 1 cümlə, 1 sözbirləşməsi fərqi olmadan, eynilə üst-üstə düşən, kserikos dəqiqliyi ilə oxşar olub, ani baxışla belə saxta olduğunu sübut edirsə bunlara əsaslanmaq nə hüquqi, nə vicdanlı hesab edilə bilməz.
Digər bir tərəfdən Muradın maşının üzərində “Niva” maşınının zərbə izləri olsa da “Niva” üzərində Muradın maşınının bir nöqtə boyda izi belə olmamışdır. Bu barədə sona qədər heç bir rəsmi sənəd mövcud olmamışdır. Bəs o zaman toqquşmada təqsirləndirilən Murad “Niva”nı maşınının hansı hissəsi ilə vurmuşdur? Hamınız gözəl bilirsiniz ki, “Mersedes” maşınların qarşısında nazik “kletka” formada təbəqə olur və ən əsas bu təbəqə ani toqquşma zərbəsindən qırılır. Amma faktdır ki, həmin kletkanın bir küncü belə zədələnməmişdir. Həmçinin “Niva”nın arxasındakı bufer də ortadan və ya uyğun bir yerdən qırılmamış və əzilməmişdir. O zaman Murad “Niva”nı hardan, hansı hissəsindən vurmuşdur?
Başqa bir arqumentim ondan ibarətdir ki, “Niva” “Mersedes”lə müqayisədə nisbətən hündür maşındır. Əgər “Mersedes” hakimlərin saxtakarlıqla yazdıqları kimi arxadan vursaydı və onların gülünc məntiqi ilə zərbə güclü olmuş olsaydı, gərək “Mersedes” “Niva”nın içərisinə girəydi ki…
Cənab Baş Pokuror, diqqətinizə çatdırıram ki, qəzada qardaşım oğlunun maşınının sağ tərəfindəki, qapısının üstündə əzilmiş və cızılmış yerlərə bu günə kimi qiymət verilmədən ləyaqətli bir gəncin məhkum edilməsi Sizin də rəhbərliyində təmsil olunduğunuz bizim hüquqi dövlət quruculuğumuza qətiyyən yaraşmır.
Qardaşımın ailəsi çörəyini torpaqdan, göyərti becərib satmaqla çıxaran son dərəcə kasıb ailədir(göyərtinin topdan satışı 2 qəpiyədir!). Murad Quliyev elə uşaqlıqdan belində göyərti kisələri daşımaqdan bağırsaqlarda yaranan xora xəstəliyinə düçar oldu. Xroniki olan bu xəstəliyinə görə əsgərlikdən də möhlətdədir. Amma heç bir hakim onun ağır xora xəstəliyini nəzərə alıb cəzasını yüngülləşdirmədi.
Bizə qarşı həqiqi mənada qəddarlıq etdilər. Məndə şahidlərin məhkəmədə ifadə verdikləri lent yazısı var. O ifadələrə əsaslanıb bir günahsız vətəndaşı məhkun etmək cinayət və günahdır.
Ulu öndər deyib: “Cinayətin qarşısını cinayətlə almaq olmaz!”. İnanıram ki, onun cinayət işini düzgün aparmamış, onu məhkum etmiş bununla cinayətkara çevrilmişlər bir gün cəzalanacaqlar!
Sirr deyil ki, ölkədə narkomanlar, oğrular, İŞİD-ə qoşulmağa gedən gənclər də var. Amma Murad saf gəncimizdir. Onun bu cür təklənməsini inanıram ki, Allah bağışlamayacaq baislərinə. Ancaq Allah da “səndən hərəkət, məndən bərəkət”,- buyurub. Beləcə 3 ildir ki, bir şerimdə dediyim kimi
(“Gündüz vaxtı əldə çıraq
Bina-bina, otaq-otaq
Sərsəm-sərsəm, dəli sayaq)
Mən ədalət dilənirən”…
– İşin yenidən istintaq olunmasını xahiş edir, maşının sağdan vurulmuş hissəsinin mənbəyinə istintaqın qiymət verməsini və qardaşım oğlunun tapdanmış haqqının bərpasını bütün əlaqədar qurumlardan xahiş edirəm.
Sizin də qəbulunuza gəlmək, dərdimizə kömək istəməyə çalışmışam. Hətta Lənkaranda təşkil olunmuş qəbulunuza gəlmişəm. Alınmayıb. Müavinləriniz qəbul ediblər məni. Cənab R.Usubov mənə demişdi ki, cənab baş prokurora məruzə edib, kömək etməyə çalışacağıq. Bu məzmunda DİN –nin ali rəhbərləri də söz vermişdilər. Ümumiyyətlə kim işlə tanış olur, fotolara baxıb, Murad Quliyevin günahsız olduğunu deyir.
İndi zorlanması ilə bəraət alan və onlarla kişini işindən edən (ümid edirəm ki, hələ edəcək də…) Lamiyə “inqilabı” gündəmdədir. Bu gün baş prokuror kimi protest elan etməyiniz məni və bütün ailəmizi çox sevindirdi və ruhlanaraq Sizə yazmağa başladım.
Cənab Baş Prokuror! Mən ölkəmdə ilk dəfədir ki, haqqın bu qədər nazildiyi ilə qarşılaşıram. Həyatımda nə haqsızlıq olub, dürüstlüklə aradan qaldırılıb. Valideynlərim bioloji kökümdürsə, vətən, dövlət mənim varlığımdır. Mənə valideynlərim əxlaq, orta təhsil veriblər. Dövlətim mənə hər şey verib. Aliməm, yazaram. 1992-ci ildən fəlsəfə doktoruyam. Ötən ilin dekabırında elmlər doktoru dissertasiyamın müdafiəsinə də icazə verilib. 6-sı monoqrafiyalar olmaqla 14 kitab, 200-dən çox məqalə müəllifiyəm. Monoqrafialarımdan biri Ulu öndərə həsr olunub və rəhbərin sağlığında Azərnəşrin qrifi ilə çap olunub. Prezidentimizlə də bir jurnalda çap olunmuşam. Xaricdə də dövlətçilik mövqeli ən ciddi məqalələrlə çıxış edirəm. Mən dövlətim sayəsində problemsiz vətəndaşam, deyə bilərəm. Nə problemim olub dövlət qurumlarında tam şəffav münasibətlə həll olunub.
Ölkədə hüquqi dövlət quruculuğunu dəstəkləyən mən ziyalı qəbul edə bilmirəm, kim isə “nə bilmişdin, bura Azərbaycandır, haqqını ver, ədalətini al!” ironyası etsin!
Ulu öndərin qurduğu, onun siyasi və həqiqi varisi İlham Əliyevin səriştəli siyasi fəaliyyəti ilə güngündən güclənən dövləti ilə şərəf duyan vətəndaş, ziyalı -Xatirə Quliyevanın səsi ölkə başçısına, ən yüksək məmurlara. onlardan biri Sizin özünüzə çatsa, bircə dəfə qəbul edib dinləsəz, inanıram ki, ədalət yerini alacaqdır.
Hər il neçə-neçə cinayətin üstü açılır, həqiqət üzə çıxır. Bu cür sadə bir qanunsuzluq, inanıram ki, ani surətdə açılacaqdır. Bizə verilmiş, xeyrimizə olan 12 sentyabr, 2011-ci il tarixli Qərar var! 09.09.2011-tarixli ilk Avtotexniki Ekspertiza rəyi var! Sona qədər dəyişilməmiş ilk Protokol var!
Hadisə saatında ifadələri alınmış əsl şahidlər var! 1 il sonra tapılmış muzdlu 2 yalançı şahidin ifadəsi ilə bu qədər sənəd dəyişdirilib! Maştağa kişiləri gördüklərinə gəlib şahidlik eləmir! İndi təsəvvür edin ki, görmədiklərinə şahidliy edənlər kimlərdir. Onlar qarşı tərəf olan Bakıxanov Çörək Zavodunun rəhbərliyinin təsiri ilə üzə dayanıblar!
Qəbulunda olduğum bir çox mütəxəssislər mənə deyiblər ki, “biz həqiqəti bilirik ki, Murad Quliyev cinayət törətməyib! Bir avto qəza haqqında iki qərar, iki protokol ola bilməz! Məhkəmələr Muradın maşının sağ tərəfində təkər üzərində olan əzik, batıq yerlərinə qiymət vermədən qərar qəbul etməkdə qanunsuzluq ediblər! Həmin hissənin yenidən ekspertiza olunmalı olmasını hamı deyir… Bu hamı onu da deyir ki, artıq yalnız Baş Prokuror protest verməklə işin araşdırılmasını tapşıra bilər.Necə deyərlər ümid yalnız Sizədir. Biz Sizin ədalət hissinizdən asılıyıq!..
Xüsusi olaraq qeyd edim ki, Murad Quliyev haqqında qanunsuz Hökm 2012-ci ildə oxunub. 4 il həbs verilib. Yəni müddətlə bağlı deyil, bu sürəkli yazmalarım. Mən haqq-ədalət üçün mübarizə aparıram.
Eyni zamanda Lamiyə kimi Murad da cavandı. Onun məsələsi kimi Muradın da məsələsi onlarla mətbu yazısı ilə ictimailəşib. Gərək motiv elə Lamiyə motivi olsun və MM-də müzakirə olsun ki, onun taptanan haqqı bərpa olunsun?!

Həm də o həqiqətən şərlənib və onun boynuna qoyulmuş cinayət ehtiyatsızlıqdan olan cinayət sayılır.
Cənab baş prokuror!
Xahiş edirəm ki, məni şəxsən qəbul edib, bu ədalətsizliyi aradan qaldırılmasını tövsiyyə edəsiz. Ulu öndər bunu da Sizlərə tövsiyyə edib: “Dövlət iki halda sarsılır:Bir günahkar cəzasız qalanda, iki, günahsız cəza alanda!”.
Bütün bunları yazaraq,təkrar xahiş edirəm ki, cəza almış həqiqi bir günahsızın bəraəti üçün protest verin.
Ölkədə bir böyük ailə duaçınız olar və əsas da Allah razı olar Sizdən!

Xatirə Quliyeva

(avrasiya.net)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600