Bayramda işləyənlərə İKİQAT MAAŞ: Ödəməyən sahibkarları nə gözləyir? - VİDEO
Prezident İlham Əliyevin Əmək Məcəlləsinə etdiyi son dəyişikliklər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Dəyişikliklərə əsasən, vətəndaşların əmək hüquqlarının daha etibarlı qorunması, xüsusən də qeyri-iş günlərində çalışan şəxslərin ikiqat əməkhaqqı alması nəzərdə tutulur.
Yeni qaydalara görə, istirahət və bayram günlərində işə cəlb olunan işçilərə görülən işin müqabilində ikiqat maaş ödənilməlidir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında millət vəkili Elşad Musayev qeyd edib ki, qanun tələbləri hamı üçün məcburidir və bu dəyişikliklər vətəndaşların mənafeyinə xidmət edir:

“Qanun tələblərinə hamı riayət eləməlidir. Son dövrlər bir sıra qanunlarda, xüsusən Əmək Qanunvericiliyində dəyişikliklər olub. Bu dəyişikliklər də insanlarımızın mənafeyi üçün nəzərdə tutulub”.
Millət vəkili vurğulayıb ki, özəl sektorda müəyyən narahatlıq olsa da, qanun qarşısında hamı bərabərdir:
“Özəl sektor da bu qanun tələblərinə riayət eləməlidir. Hər hansı şəxs əgər qanunu yerinə yetirmirsə, bunun üçün məsuliyyət nəzərdə tutulub. Ona görə də inanmıram ki, hansısa vəzifəli şəxs bundan sui-istifadə eləsin”.
Elşad Musayev əlavə edib ki, əməkçilər üçün nəzərdə tutulan hər hansı güzəşt mütləq icra olunmalıdır və mümkün səhlənkarlıqların qarşısı vaxtında alınmalıdır.
Qeyd edək ki, yeni dəyişikliklər həm dövlət, həm də özəl sektorda çalışan işçilərin əmək hüquqlarının daha effektiv qorunmasına yönəlib və qeyri-iş günlərində əməyin dəyərinin artırılmasını hədəfləyir.
Samir Məcid












