Bədən şousu göstərənlər, arada beyninizi də İŞƏ SALIN – Cəvahir Nehru yazır

İnsanın dilinə görə, gərək, dilçəyi də olsun. Bəzən hansısa müğənni, aktrisa, aktyor, fərqi yoxdur, özünü sənət aləmindən sayan hər hansı bir adama sual verəndə ki, məsələn, “Fikrət Əmirov, Ramiz Əzizbəyli, Cahangir Cahangirov, Hüseyn Cavid kimdir”, gözünü döyə-döyə qalacaq. Nə etsin yazıq, tanımır axı…

Onu da qınamalı deyil e, evdə bişməyib, qonşudan gəlməyib. Gərək, azdan-çoxdan intellekti, savadı, mütaliəsi olsun ki, hansısa sənətkarı tanıya bilsin. Amma, di gəl ki, sənətkarların yanında özünü as müğənni, as aktyor, as aktrisa sayır. “Burada mənəm, Bağdadda kor xəlifə” deyib sənətkar havasına girir, “Üç badam bir qoz” mahnıları ilə efirlərdə meydan sulayır, hələ utanmadan, abır-həya etmədən sənətkarın yanında sənətdən danışır, ustad dərsi keçir. Danışmağı cəhənnəm, hələ sənətkarın əlindən həyasızcasına mikrofonu qapıb, “xoruz buraxa-buraxa” zilə də çıxmaq həvəsinə düşür. “Xalq məni sevir, dəyər verir” deyib xalqın adından danışır. Hətta sənətkar havasına girən bu müğənniciklər aparıcı ilə şərt də kəsir: “Mən olan verilişə filankəslər gəlməsin”, “Mən verilişdə tək olacağam”, “Mən gələndə studiya güllərlə bəzədilsin, fişənglər atılsın” və s.

Göstərməyə səsi olmayan, var-yoxunu plastik cərrahlara verib özünə “arxa” düzəltdirən, qaşını qaldıran, dodağını şişirdən, üzünü dartdıran, səsi-sənəti ilə deyil, bədənini oynatmaqla tamaşaçı deyil, müştəri axtarışına çıxan belə məşhurları efirə çıxaranlara əsəbiləşsək də, bəzən “sağ ol” da deyirik. Arada şəkillər göstərib “bu hansı məşhurdur” deyə soruşub onların fıslarını yatırdıqları üçün. Çünki yaxşı bilirlər ki, onların IQ səviyyələri həmin sənətkarları tanımaq iqtidarında deyil. Yəni türklər demiş, “çox da şey eləməyin”.

Arada kitab oxuyun, filmlərə baxın, məşhur bəstəkarların musiqilərini oxumaq səsinə malik olmasanız da, heç olmasa, adlarını əzbərləyin ki, nə vaxtsa, efirdə sual verəndə suyu süzülmüş cücəyə dönməyəsiniz. Həmişə ərinizdən, sevgilinizdən danışmayacaqsınız ki… Bədəninizi oynatdığınız kimi, arada beyninizi də işə salın.