Bərdədə ər arvadını yatdığı yerdə amansızca qətlə yetirib. 3 uşağı olan kişi qaçsa da, valideynləri onu polisə təhvil veriblər.
Hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat 06 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb.
Kənd sakinlərinin verdikləri məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digəri isə döş qəfəsinin sağ hissəsinə dəyib.
Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıblar. Buna baxmayaraq, çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimov əsəb xəstəsidir.
Müalicə həkimi İlham Süleymanovun verdiyi məlumata görə, Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var.
Qətlin törədildiyi yerə Bərdə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəliblər. Hadisə yerində müayinə aparılıb.
Hazırda baş vermiş faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir.(ans)
www.yenicag.az