Bərdə rayonunda məskunlaşmış Şuşadan olan məcburi köçkünə məxsus qanuni fəaliyyət göstərən obyekt dağıdılıb.
Yenicag.az-a bu barədə məlumatı redaksiyamıza müraciət edən zərərçəkən Əliyev Surxay Tofiq oğlu verib.
Surxay Əliyevin sözlərinə görə, uçurulan obyektin yerləşdiyi ərazini 12 il əvvəl bir vətəndaşdan satın alaraq, özəlləşdirib:
“2007-ci ildə həmin ərazini özəlləşdirdik. Ancaq 2009-cu ildə obyektimizi uçurdular. Mənə də kənddə bir yer verdilər ki, get, obyektləri orada tik. 15 obyektim vardı, iyirmi illik əziyyətim məhv oldu.
Bir neçə gün əvvəl bələdiyyə sədri gəlib dedi ki, obyektini yenə uçururuq. Vaxt istədik, vermədilər. Hansı idarəyə gedirəmsə, hərə bir söz deyir. Biri deyir, sənədlərin daşdan keçər, digəri deyir, köhnədir, başqası deyir, sənədləri boş ver…. Qalmışıq belə”.
Şikayətçinin sözlərinə görə, onun özəlləşdirdiyi obyektin yerləşdiyi ərazi başqasına satılıb:
“Ərazi Bərdədəki köhnə bazarın yanındadır. Bələdiyyədə saxta sənədlər düzəldərək, bir Qarabağ əlilini irəli veriblər ki, guya ərazi onundur.
Mənə dəfələrlə dedilər ki, obyektin yarısını ona ver. Mən də vermədim. Çünki ərazini özəlləşdirmişəm, mənə məxsusdur.
Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov bir neçə dəfə məni çağıraraq dedi ki, o ərazi ilə maraqlananlar var, almaq istəyirlər. Mən də hər dəfə bildirdim ki, satmıram.
Üç gün əvvəl yenə gəldilər, Bərdə rayon icra hakimiyyətinin başçısı göstəriş verib, deyərək, obyektimi uçurdular. Əraziyə xeyli ağac əkmişdim. O ağacları da traktorla məhv elədilər. Bunlar pula görə yaxşı nə varsa, məhv etməyə hazırdırlar”.
Surxay Əliyev ölkə rəhbərliyinə müraciət edərək, üzləşdiyi qanunsuzluğa son qoyulması üçün yardım istəyib.
Səxavət Məmməd
www.yenicag.az