“Bəşər Əsəd bizdən kömək istədi”
Türkiyədə prezidentliyə namizəd və Baş nazir Ərdoğan ölkə idarəçiliyində dəyişikliklər etmək fikrində olduğunu bildirib.
Türkiyənin ATV televiziya kanalına müsahibə verən Baş nazir bunun Türkiyə üçün çox vacib olduğunu deyib. Onun sözlərinə görə, artıq bu idarəçiliyin zamanıdır:
“Türkiyəni prezident sisteminə keçirmək fikrindəyəm. Türkiyə bununla çox şey qazanar. Konstitusiyanın 104-cü bəndi buna imkan verir. Bizim Türkiyədə “Putin modeli” yaratmaq fikrimiz yoxdur. Rusiyada prezident yalnız həyati əhəmiyyətli mövzularda müdaxilə edir. Gündəlik idarəçilik prezidentin əlində deyil. Amma bizim məqsədimiz başqadır. Ümid edirəmki, parlamentdə çoxluq bizim tərəfimizdə olsa, bu qanunu qəbul edəcəyik”.
Kürd qardaşlarım məni sevir
Kürdlərin problemləri ilə bağlı atdığı addımlardan danışan Ərdoğan kürdlər tərəfindən çox yaxşı qarşılandığını deyib:
“Bizim kürdlər üçün etdiklərimizi kürdlərdən başqa heç kim alqışlamır. Heç olmasa gördüyümüz işlərə baxın. Kürd qardaşlarım məni sevir, partiyamız sevir. Bizə qarşı məhəbbətləri fərqlidir. Çünki biz onların dərdləri ilə maraqlandıq. Onların problemlərini aradan qaldırdıq”.
Gülə “get” deyə bilmərəm
Baş nazir Ərdoğan prezident seçiləcəyi təqdirdə Abdullah Güllə münasibətlərin əvvəlki kimi qalacağını deyib: “Hörmətli Abdullah Gülün prezidentlik müddəti bitdikdən sonar siyasətdən gedəcəyini və hər hansı iddiasının olmadığını bildirib. Biz onun seçiminə hörmətlə yanaşırıq. Amma nə vaxtsa partiyamıza dönərsə, biz ona “get” deyə bilmərik. Ən azından bizim əldə etdiyimiz uğurlarda böyük pay sahibidir.
Bəşər Əsəd bizdən kömək istədi
Keçmişdə Suriya prezidenti Bəşər Əsəd ilə dostluq etdiklərini deyən Ərdoğan vaxtilə ona kömək etdiklərini xatlrladıb:
“Bəşər Əsədlə demokratiya mövzusunda çox söhbətlərimiz olub. “Mənə kömək edin” deyəndə öz mütəxəssislərimizi Suriyaya göndərdik. Onların mütəxəssisləri ilə partiyamızda bildiklərimizi paylaşdıq. Xüsusi ilə “Ərəb baharında” Əsədə vəziyyətdən çıxış yolunu da göstərdik. Əhməd Davudoğlunu ora göndərdim. 6 saatlıq görüş keçirildi. Mən telefonla az qala hər gün əlaqə saxlayırdım. Amma məsləhətlərimiz bir fayda vermədi”.