“Bəzi qüvvələr isə bunu həzm edə bilmirlər”
“Onlar istər mini ətək, istərsə də dekolte geyinsinlər. Biz TÜRGEV və digər Fondlarla birlikdə inanclı və mədəni gənclər yetişdirməkdə davam edəcəyik”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TÜRGEV Fondunun yataxanasının açılış mərasimində deyib.
O, müxalifətə yönəlmiş nitqində Fondun fəaliyyətinə əngəl törətmək istəyənlərdən danışıb:
“Yetimin, kasıbın övladının sığındığı bu qurumu niyə bağlamaq istəyirlər, anlamıram. Özü də əxlaqsız yolla etməyə çalışırlar. Türkiyənin bütün milli proyektləri və qurumları hədəfdədir. TÜRGEV də bu sıradadır. Bu qurum vətəninə xidmət edən gənclər yetişdirmək istəyir. Bəzi qüvvələr isə bunu həzm edə bilmirlər.
Xeyriyyəçilik üçün toplanan pulları ölkəmizin əleyhinə işləyən lobbilərə ötürdülər. Amma TÜRGEV əleyhinə kampaniya aparanlar öz qazdıqları quyuya düşdülər.
Onlar istər mini ətək, istərsə də dekolte geyinsinlər, fərq etməz. Biz TÜRGEV və digər Fondlarla birlikdə inanclı və mədəni gənclər yetişdirməkdə davam edəcəyik. Təhsil Nazirliyinin nəzdində xaricdəki tələbələrimiz üçün də yataqxanalar tikiləcək”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Bilal Ərdoğana məxsus Türkiyə Gənclik və Təhsilə Xidmət Fondunun adı korrupsiya qalmaqalında hallanırdı. Belə ki, torpaq sahəsi və inşaat işləri ilə bağlı imtiyazlardan başqa, xalqın yararlanması üçün açılan bələdiyyəyə məxsus sosial təsisatların da Fondun nəzarətinə verildiyi bildirilirdi. İstanbulun Fateh Bələdiyyə başqanı bir neçə hektarlıq torpaq sahəsində dövlət vəsaiti hesabına tikilən binanı 25 illiyinə Ərdoğanın ailə üzvlərinə məxsus TÜRGEV Fonduna bağışladığı üçün istintaqa cəlb edilmişdi. 17 dekabr əməliyyatlarının ilk günlərində noyabr ayında bəlli olmayan qaynağın TÜRGEV-ə 3 milyon lirə vəsait köçürməsi haqqında da xəbər yayılmışdı.
Xatırladaq ki, TÜRGEV-in İdarə Heyətinin üzvü olan Bilal Ərdoğanla bərabər Ərdoğan ailəsinin daha 11 üzvü Fondun təsisçiləri sırasındadır.