Biləcəridə sakinlərin şikayətçi olduğu bina
Biləcəri qəsəbəsi Natəvan 7 ünvanında yaşayanlar binada aparılan yarımçıq təmirdən narazıdırlar.
Məlumata görə, 4 mərtəbəli 48 mənzilli bu binada iki ilə əvvəl təmir işlərinə başlanılıb. Təmir zamanı binanın küçəyə baxan fasadı üzlənib, həyət bacaya asfalt döşənib. Amma binanın damı və mənzillərin eyvanları bərbad vəziyyətdə saxlanılıb. Dam örtüyünün sınıq-salxaq vəziyyətdə olması yağan yağışın 4-cü mərtəbədə yaşayanların mənzillərinə dolması ilə nəticələnib. Həmçinin binanın üzərinə vurulan örtüklə eyvanlar arasında boşluq olduğundan dama yığılan su sakinlərin eyvanlarına axır.
Məsələ ilə bağlı Biləcəri qəsəbə nümayəndəsi İbad İbrahimov bildirdi ki, həmin bina Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinini balansındadır. Onun sözlərinə görə, binanın təmiri növbəti ilin birinci yarımilində mümkün olacaq. O vaxta qədər isə sakinlərə səbr etməkdən başqa yol qalmır. (anspress.com)