Biləsuvarda Mübariz İbrahimovun doğum günü qeyd olunub
Bu gün Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) aparatının, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.
Biləsuvar RİH-in başçısı Mahir Quliyev Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq bildirib ki, 22 yaşında Milli Qəhrəman olmaq hər kəsə nəsib olmur: “Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub”.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova məxsus müxtəlif şəkillər, haqqında yazılmış kitablar, jurnal və qəzetlərdən ibarət guşə ilə tanış olublar.