Bilet qiymətləri qalxacaq: Avropada kütləvi uçuş ləğvləri başladı
- Dünya
- 2970 baxış
Hörmüz boğazında yaranan geosiyasi gərginlik qlobal enerji bazarları ilə yanaşı, aviasiya sektorunu da ciddi təhlükə altına qoyub.
Yenicag.az xəbər verir ki, Jet yanacağının bahalaşması və tədarük zəncirindəki problemlər Avropanın nəhəng hava daşıyıcılarını yay proqramlarına yenidən baxmağa məcbur edib.
Avropa aviasiya bazarının yanacaq təminatında Yaxın Şərqdən asılılığı regiondakı hadisələrin sektora birbaşa mənfi təsirini şərtləndirib. Yanacaq xərclərinin artması fonunda yaranan qeyri-müəyyənlik bir çox aviaşirkəti uçuş cədvəllərində kütləvi ixtisarlara getməyə vadar edib.
Almaniyanın aviasiya nəhəngi “Lufthansa” vəziyyətlə bağlı sərt qərar qəbul edib. Şirkət yay mövsümü ərzində təxminən 20 min qısaməsafəli reysi cədvəldən çıxarıb. Rəsmi açıqlamaya görə, bu addım əməliyyat xərclərinin optimallaşdırılması və yaranmış çətinliklərin səmərəli idarə edilməsi üçün atılıb.
Yanacaq təchizatındakı böhran özünü xüsusilə Böyük Britaniyanın Şotlandiya bölgəsində büruzə verib. Edinburq və Qlazqo hava limanlarında logistika çətinlikləri səbəbindən uçuşlar gecikir, bəzi təyyarələr isə yanacaq ehtiyacını qarşılamaq üçün alternativ hava limanlarına istiqamətləndirilir.
Mütəxəssislər hesab edirlər ki, Yaxın Şərqdəki vəziyyət yaxın aylarda sabitləşməzsə, aviasiya sektorunda əlavə uçuş ixtisarları və bilet qiymətlərində artım müşahidə oluna bilər.
Hava limanları və hava yolu şirkətləri sərnişinlərə uçuşdan əvvəl reyslərinin statusunu yoxlamağı tövsiyə edir. Hazırda sektorda vəziyyət diqqətlə izlənilir və yanacaq tədarükünün sabitləşdirilməsi istiqamətində tədbirlər görülür.













