!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bir sevdamız var, o da Vətən… - FOTOLAR

!Reklam – Yazi

Vətən mənim ürəyimdə, əməlimdə, diləyimdədir. Belə sevdim, mən Vətəni… Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətai qılıncını, qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir.

Bu fikirlər “Azərbaycan bayrağı”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” ordenli Vətən müharibəsi qazisi, kapitan Əli Kərimovun “Bir sevdamız var, o da Vətən…” sərlövhəli məqaləsində yer alıb.

Yenicag.az həmin məqaləni təqdim edir.

Dünyaya göz açandan vətənpərvərlik ana laylası ilə ilmə-ilmə qanımıza işlənib. Körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri daha da dolğunlaşır. Vətənpərvərlik tərbiyəsi, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır. Bunların yerinə yetirilməsində əsas vasitələrdən biri təlim-tərbiyə prosesidir. Təlim uşaqlarımıza yalnız bilik, bacarıq və vərdişlər aşılamır, həm də onları vətənpərvərlik ruhunda tərbiyə edir. Vətənə, doğma torpağa məhəbbət nağıllarımızda, dastanlarımızda, atalar sözlərində, bayatılarda da yaşadılır. Vətən torpağının müqəddəsliyi, onun yağılardan qorunmasının vacibliyi dastanlarımızın əzəli ulusu “Dədə Qorqud”da böyük məhəbbətlə tərənnüm edilir. Vətən ana ilə bərabər tutulur. Oğuz igidləri “Vətən haqqı ana haqqıdır” kəlamının işığında Vətənin keşiyində ayıq-sayıq dayanıb, onu göz bəbəyi kimi qoruyurlar.

Vətən doğma evin kandarından başlanır. Daha doğrusu, yaşadığımız və təhsil aldığımız hər yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.

Torpaq-uğrunda ölən varsa, Vətəndir!

Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir. Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə baxıb qürrələnmək üçün bir məkan deyil. Biz Vətənimizlə qürur duyduğumuz kimi, həm də onu böyük məhəbbətlə sevirik və onun qarşısında özümüzü borclu sanırıq. Vətənpərvərlik dedikdə ilk yadımıza düşən şairlərimizdən Məmməd Araz Vətən övladlarının doğma Azərbaycana bəslədikləri sonsuz sevgini, əbədi minnətdarlıq hissini ümumiləşdirərək misralara çevirib yazmışdır:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Bu misralarda ifadə olunan fikir hər birimizin qəlbinə və düşüncəsinə hakim kəsilib. Axı Vətən təkcə yurd deyil. Vətən mənəm, Vətən sənsən, Vətən bizik. Vətənin dünəninə, bu gününə, sabahına hamımız cavabdeh olmalıyıq. Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətin qürur mənbəyidir.

44 günlük Vətən müharibəsi dövründə bir an belə tərəddüd etmədən canlarını bu vətən üçün qurban verən şəhidlərimiz daim and yerimizdir. Neçə-neçə silahdaşlarımızı, dostlarımızı, can yoldaşlarımızı bu haqq savaşımızda itirdik. Onlar öz vətən sevgilərinin naminə ən uca zirvə olan şəhidlik zirvəsinə ucaldılar.

Vətən sevgisi elə güclü bir hissdir ki, insana döyüşlər zamanı sözlə ifadə edilə bilməyəcək güc verir. Döyüşdə özün yaddan çıxırsan, nə halda olursan-ol unudursan özünü. Çox uzağa getmirəm. Özüm yaşadığım bir hadisəni qısa olaraq qeyd edim. Xocavənd istiqamətində Uryandağ uğrunda gedən döyüşlərdə güllə mənim üzərimdə olan avtomatın darağına və qumbaraya dəydi. Xoşbəxtlikdən qumbara partlamadı. Buna baxmayaraq, düşmənin səngərinə hücum edib, döyüş yoldaşlarımla birlikdə düşmənlə yaxın məsafədən döyüşə girdik. Bu zaman düşmən snayperi uzaqdan məni ayağımdan vurdu. Güllə ayağımın bir tərəfindən girib, o biri tərəfindən çıxmışdı. Özüm-özümə ilk tibbi yardım edib, döyüşə davam etdim. Geri çəkilib yoldaşlarımı tək qoya bilməzdim. Döyüşlərin qızğın getdiyi vaxtda döyüş yoldaşım ağır yaralandı. Baxmayaraq ki, özüm də hər iki ayağımdan yaralı idim, 17 kilometr məsafəni çiyinlərimdə daşıyıb onu lazımi yerə çatdırdım. Yuxarıda qeyd etdiyim fikrə qayıdaraq yenə demək istəyirəm ki, vətən sevgisi, gücü hər bir hissdən alidir. İnsana ən dayanılmaz ağrılarda belə dayanma gücü verir. 44 günlük Vətən müharibəsi zamanı bu cür halları orda iştirak edən döyüş yoldaşlarımızın hər biri dəfələrlə yaşayıb.

Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri Ulu Öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, Azərbaycanlıyıq.

 

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv