Bir təbəssümlə dəyişən talelər: Leyla Əliyeva nümunəsi
Bəzən tarix yalnız böyük qərarlarla yazılmır. Bəzən tarix bir uşağın gözündə yaranan ümidlə, bir ananın qəlbində doğan rahatlıqla, bir insanın həyata bağlanması ilə yazılır. O da unudulmamalıdır ki, dövlətin gücü təkcə iqtisadi göstəricilərlə deyil, ən zəifin yanında dayanmaq bacarığı ilə ölçülür. Dövlət təkcə sərt gücü ilə deyil, yumşaq gücü ilə də dövlətdir.
Və Azərbaycanda şəhid anasından kimsəsiz uşağına qədər hər bir vətəndaşın sarıldığı da o yumşaq güc olur. O güc dövlətin mərhəmətini təmsil edir. Azərbaycanda dövlətin mərhəmətini təmsil gücü dedikdə ağıla ilk gələn isimlərdən biridir Leyla İlham qızı Əliyeva.

Heydər Əliyev Fondunun vitse-prezidenti və daha bir çox vəzifəsi olsa da, onu qəlblərə yaxın edən üzündən əskik olmayan təbəssümü, doğmalığıdır.

Leyla Əliyevanın fəaliyyəti məhz insan indekslidir. Çünki onun gördüyü işlər yalnız layihə, tədbir deyil. Bu, bir ailədən gələn məsuliyyətin, bir məktəbdən gələn tərbiyənin və bir millətə xidmət etməyin daxili ehtiyacının təzahürüdür. Bu fəaliyyətlərdə formal yanaşma yox, vicdanın diktə etdiyi bir yol görünür. Gəlin, öncə o istiqamətlərə birlikdə nəzər salaq.

Talassemiyalı uşaqlarla bağlı illərdir davam edən proqramlar buna ən təsirli nümunələrdən biridir. 2005-ci ildə başlanan “Talassemiyasız həyat naminə” proqramı ilə minlərlə ailənin həyatında yeni bir səhifə açıldı. 2009-cu ildə Bakıda Talassemiya Mərkəzinin yaradılması isə sadəcə bir tibb müəssisəsinin tikilməsi deyildi. O gün bir çox valideyn ilk dəfə rahat nəfəs aldı, ilk dəfə “bəlkə də hər şey yaxşı olacaq” deyə düşündü. Bu gün həmin mərkəzdə sümük iliyi transplantasiyasının həyata keçirilməsi, qanvermə aksiyalarının mütəmadi təşkil olunması göstərir ki, bu işlər kampaniya xatirinə deyil, həyat xatirinə görülür. Və talassemiyalı uşaqlar və valideynlər Mehriban və Leyla Əliyevaların qismində dövləti yanlarında görür və hiss edirlər. Onlar hər dəfə prezident ailəsinin qayğısını gördükdə, dövlətin şəfqət əlini üzərlərində hiss edirlər.

Milli həqiqətlərin dünyaya çatdırılması istiqamətində aparılan fəaliyyət də yükü ağır olan bir missiyadır. “Xocalıya ədalət!” kampaniyasının başlanması yalnız siyasi addım deyildi. Bu, ağrını unutdurmamaq, tarixi susdurmamaq və bir xalqın yaddaşını qorumaq cəhdi idi. Dünyanın onlarla ölkəsində bu faciənin tanıdılması üçün görülən işlər göstərdi ki, həqiqət səsini ucaldanda gec-tez eşidilir. Bu, təkcə diplomatiya deyil, vicdanın səsidir. Leyla Əliyeva məhz insanların vicdanına xitab etdi bu kampaniya ilə. İnformasiya blokadasını yarıb, 44 günlük zəfər tariximizə gedilən yol həm də “Xocalıya ədalət” kampaniyası ilə çizildi. Bizim müsibətimizə kar-kor-lal olan dünyaya qarşı bir hayqırışdı bu kampaniya. Leyla Əliyevanın rəhbərliyi ilə dünya Xocalını məhz bu kampaniya ilə duydu və bundan sonra da soyqırımın unudulmaması üçün duymağa davam edəcək.

Leyla Əliyevanın təşəbbüsü ilə ekologiya sahəsində görülən işlər isə gələcək nəsillərə yazılan bir məktub kimidir. 2011-ci ildə yaradılan IDEA İctimai Birliyi ilə başlanan layihələr təkcə ağac əkmək aksiyası deyil, bir düşüncə tərzinin formalaşdırılması idi. Torpağa basdırılan hər bir ting əslində gələcəyə qoyulan ümid idi. Nadir heyvan növlərinin qorunması, yaşıllaşdırma marafonları, Abşeronun ekoloji bərpası kimi addımlar göstərdi ki, təbiəti qorumaq yalnız ekoloji məsələ deyil, milli məsuliyyətdir.

Sosial dəstək və inklüzivlik sahəsində görülən işlər də bu fəaliyyətin ən həssas tərəflərindən biridir. Valideyn himayəsindən məhrum olan uşaqların qayğı ilə əhatə olunması, onların təhsil və inkişaf imkanlarının genişləndirilməsi, fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq imkanlarının dəstəklənməsi – bütün bunlar bir həqiqəti göstərir: cəmiyyətin gücü onun zəifinə münasibəti ilə ölçülür. Kiməsə əl uzatmaq sadəcə xeyirxahlıq deyil, insanlıq borcudur. Sevindirici hal ondan ibarətdir ki, prezidentin ailəsi bu məsələdə hər kəsə örnəkdir. Təkcə Leyla xanım deyil, həmçinin Arzu Əliyeva və Heydər Əliyev də Mehriban xanım Əliyeva tərəfindən əsası qoyulan bu missiyanı uğurla davam etdirirlər. Prezidentin ailəsi birlikdə bu xeyirxah layihələrə imza atır, sevinməsi ilə dünyanı sevincə qərq edəcək olan uşaqlara dövlətin şəfqət üzünü göstərir, onların yaşamaq üçün dövlət sevgisinə tutunmalarına şərait yaradırlar.

Sosial layihələrlə bərabər mədəniyyət və incəsənət sahəsində həyata keçirilən təşəbbüslər portretin başqa bir tərəfini ortaya qoyur. “Fly to Baku” kimi layihələr vasitəsilə Azərbaycan sənətinin dünya paytaxtlarında təqdim olunması, ölkənin mədəni kimliyinin tanıdılması yalnız mədəni tədbir deyil, milli qürurun nümayişidir. Eyni zamanda şəxsi yaradıcılıq fəaliyyəti – şeirlər, rəsmlər – göstərir ki, bu fəaliyyətin arxasında yalnız təşkilatçılıq yox, hiss edən, düşünən və duyğularını ifadə edən insan dayanır.

Bütün bu istiqamətləri birləşdirən bir ortaq məqam var: məsuliyyət hissi. Bu məsuliyyət sadəcə bir vəzifənin tələbi deyil, bir ailədən gələn mirasın davamıdır. Çünki böyük adlar yalnız tarixdə qalmır, o adların yaratdığı dəyərlər davam edəndə yaşayır.

Və ən əsası, bu fəaliyyətlərin ən böyük nəticəsi heç vaxt rəqəmlərin soyuq dili ilə ölçülmür. Bu nəticə hesabatlarda yazılmır, statistik cədvəllərə sığmır. O nəticə insanın qəlbində döyünən bir ümid kimi yaşayır. Bir uşağın ölüm qorxusundan qurtulub yenidən həyata sarıldığı anın sevincində görünür. Bir ananın gecələr göz yaşı içində etdiyi duaların cavab tapdığı səhərdə görünür. Bir xalqın yaddaşını itirməmək üçün ağrısını sinəsində daşıyıb, həqiqətini dünyaya hayqırdığı məqamda görünür.

Çünki bəzən bir addım bir insanın taleyini dəyişir. Bəzən bir əl bir ailəni qaranlıqdan işığa çıxarır. Bəzən bir söz bir millətin yaddaşını diri saxlayır. Elə buna görə də bu fəaliyyətə sadəcə iş demək həqiqəti kiçiltmək olar.

Bu, vəzifə deyil. Bu, insanın vicdanı ilə daşıdığı bir yükdür. Bu, talelərə toxunan bir məsuliyyətdir.

Və bu məsuliyyəti illərdir yorulmadan daşıyan, ümidə çevrilən təbəssümü ilə insanların qəlbində silinməz iz qoyan, adı çəkiləndə mərhəmət və xidmət anlayışını yada salan bir ad var: Leyla İlham qızı Əliyeva.
Aqil Ələsgər













