ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı Qəzza zolağında üç mərhələli atəşkəs təklifinə beynəlxalq dəstək tələb edən və HƏMAS-ı bu təklifi qəbul etməyə çağıran qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında səsə qoyulub.
Yenicag.az xəbər verir ki, qətnamə layihəsi 14 lehinə və 1 bitərəf (Rusiya səsvermədə bitərəf qalıb – red.) səslə qəbul edilib.
HƏMAS rəsmisi Sami Əbu Zuhri bildirib ki, Həmas BMT Təhlükəsizlik Şurasının atəşkəs qərarını qəbul edib və detallar üzrə danışıqlara hazırdır. Qüvvəyə minməsi gözlənilən atəşkəs planı 3 mərhələdən ibarətdir.
ABŞ prezidenti Baydenin ötən ayın sonunda açıqladığı üç mərhələli atəşkəs planının birinci mərhələsinə fələstinli məhbuslar qarşılığında israilli girovların azad edilməsi, İsrail qüvvələrinin Qəzzadakı yaşayış məntəqələrindən çıxarılması və fələstinli mülki vətəndaşların yaşayış yerlərinə geri qaytarılması ilə altı aylıq atəşkəs razılaşaması daxildir. Birinci mərhələ humanitar yardımın Qəzza zolağına təhlükəsiz daxil olmasını da nəzərdə tutur.
Təklifin ikinci mərhələsinə Qəzzada qalan girovların azad edilməsi, İsrail və HƏMAS arasında hərbi əməliyyatların daimi olaraq dayandırılmasına dair razılaşma və İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılması daxildir.
Üçüncü mərhələ Qəzzada yenidənqurma planı və həyatını itirən girovların cəsədlərinin ailələrinə çatdırılmasını əhatə edir.
İsmayıl Bakuvi
www.yenicag.az