“Bolt”da rüşvətxorluq iddiaları - Bakı ofisinin rəhbəri və səlahiyyətli şəxslər İŞDƏN ÇIXARILDI
Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.
Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, “Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb. Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.
Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da, bloklanma açılmır. Bir müddət sonra kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.
Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərin yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki “problemlər” aradan qalxır.
Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.
Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, “öz adamları” hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.
Şikayətçi park sahibi bildirir ki, onun balansında on minlərlə manatlıq vəsait saxlanılmasına, sürücülərin ödənişlərinin vaxtında təmin olunmasına baxmayaraq, parkları bloklanıb və fəaliyyət faktiki olaraq iflic vəziyyətinə salınıb. Sahibkarın sözlərinə görə, bu qərarlar üçün əsaslandırılmış izah verilmir, müraciətlər isə formal cavablarla nəticəsiz qalır.
İddialara əsasən, “Bolt”un bəzi filiallarında reklam stikerlərinin vurulması rəsmi qadağan edildiyi halda, müəyyən şəxslərdən 500 manat tələb olunmaqla bu qadağa qeyri-rəsmi şəkildə aradan qaldırılıb. Şikayətçi bildirir ki, reklam üçün pul yığılması, bu vəsaitlərin filiallar və “baş ofis” arasında bölüşdürülməsi ilə bağlı video və səs yazıları, həmçinin çeklər mövcuddur.
Park sahibinin iddiasına görə, bu məsələlər ictimailəşdirildikdən sonra bir sıra sürücülərə və park sahiblərinə ofisdən zənglər edilib, təzyiq göstərilib. “Estoniyaya müraciət edək” təşəbbüsünə əvvəlcə onlarla adam dəstək versə də, sonradan hamısının mövqeyini dəyişməsi bu iddiaları daha da gücləndirib.
Açıqlamada hava limanı və şəhərdaxili kateqoriyalarla bağlı da ciddi suallar yer alır. Bildirilir ki, bəzi kateqoriyalar faktiki olaraq qapalı saxlanılır, yalnız müəyyən parklara və sürücülərə giriş imkanı verilir.
Digər ciddi problem isə selfi və kamera tələbləri ilə bağlıdır. Şikayətçi bildirir ki, bəzi sürücülər telefon kameraları nasaz olduğuna görə selfi tələblərini alternativ cihazdan yerinə yetirdikdə avtomatik bloklanırlar. Ofislər isə problemi araşdırmadan bloklamanı açmaqdan imtina edir.
Şikayətçi park sahibi bildirir ki, digər platformalardan təkliflər gəlsə də, o, problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istəyir. O, “Bolt”un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını və parkların fəaliyyətinin bərpa edilməsini xahiş edir.













