“Borçalı” Kommersiya Bankının ləğv prosesi yekunlaşdı

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Borçalı” Kommersiya Bankının (KB) ləğv prosesini yekunlaşdırıb.

Bu barədə Yenicag.az-a Fonddan bildirilib.

1992-ci ilin dekabr ayından fəaliyyət göstərmiş Bankın lisenziyası 31 yanvar 2005-ci ildə ləğv edilmiş və məcburi ləğv prosesi başlanılmışdı. Həmin vaxtdan 2017-ci ilə qədər ləğvetmə ilə “RR and VAM” Beynəlxalq auditor firması, daha sonra isə “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC məşğul olub.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17.08.2017-ci il tarixli, 2-1(103)-1376/2017 nömrəli qərardadı ilə məcburi ləğv edilmiş “Borçalı” KB-yə təyin edilmiş “RR&VAM Beynəlxalq Audit Konsaltinq” MMC-nin ləğvedici qismində fəaliyyətinə xitam verilib və ƏSF Bankın ləğvedicisi təyin edilib.

ƏSF Bankın öhdəliklərinin qısa müddət ərzində icrasının təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş tədbirlər həyata keçirib və nəticədə bütün öhdəliklərin icrası tam təmin olunub. Fond ləğv prosesinin yekunlaşdırılması və Bankın ləğvedicisi qismində Fondun fəaliyyətinə xitam verilməsinə dair ərizə ilə müvafiq Məhkəməyə müraciət edilib.

Ali Məhkəmənin 29 dekabr 2023-cü il tarixli, 2-3(102)-12/2023 nömrəli qərarı ilə Fondun ərizəsi təmin edilərək, ləğvedici qismində Fondun fəaliyyətinə xitam verilib və Bankın ləğv prosesi yekunlaşdırılıb.

Fondun ləğvetməsində hazırda 22 bank var. Fond bu bankların da ləğvetməsini kreditorların maraqlarına uyğun şəkildə mümkün ən qısa zaman ərzində yekunlaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirir.

COP29