Metropolitenin 3 milyardlıq zərəri fonunda gediş haqqı artacaq? - "İnsanlar artıq bahalaşmadan yorulublar"
“İnsanlar artıq bahalaşmadan, əlavə vergilərdən, yüksək cərimələrdən beziblər, yorulublar”.
Bu fikirləri metronun yığılmış zərərinin 3 milyard manatı keçməsinin cəmiyyətdə gedişhaqqının artması kimi şərh edilməsinə münasibət bildirən Ağ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, hansısa qurumun yaranmış borcunun ödənilməsi vətəndaşların hesabına həyata keçirilməməlidir:
“Tutaq ki, metropolitenin əvvəlki rəhbərliyi səhlənkar olub, korrupsioner olub, işini bilməyib və tutaq ki, bu və ya digər formada borc yaranıb. Bunun əziyyətini xalqmı, yoxsa həmin rəhbərlikmi çəkməlidir? Zərərini 3 milyardı keçidiyini deyən rəhbərliyə sual vermək lazımdır ki, prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə bununla bağlı müraciət etmisinizmi ki, bizə bu qədər ziyan dəyib, bu ziyanı yaradanlar bu adamlardır, bu adamlar haqqında cinayət işi açılsın? Hər şeyi xalqın üzərinə atmaqolmaz. Yəni o xalqın da səbrinin də limiti var axı”.
“Bilirsiniz, hər şey data və rəqəmlər deyil, hər şey rentabellilik, gəlir üzərindən ölçülməməlidir. Dövlətin funksiyası rentabelli olmaq, gəlir əldə etmək deyil. Dövlətin funksiyası onun ərazisində yaşayan vətəndaşlarının dolanışığını, təhlükəsizliyini, yaşayışını təmin eləməkdir. Yeri gələndə ziyanla işləyəcək, yeri gələndə xeyirlə işləyəcək, yeri gələndə dotasiya ilə işləyəcək”, – T. Abbaslı vurğulayıb.
Partiya sədri istənilən qiymət artımına qarşı olduğunu deyib:
“Mən, ümumiyyətlə, istənilən qiymət artımının – maaş və pensiyalardan başqa – istənilən xidmət və məhsulların qiymət artımının əleyhinəyəm. Çünki onsuz da insanlar son həddə yaşayırlar, gərginlik, banklara borcluluq, qidalanma zəifliyi, ərzaq qiymətlərində inflyasiya ən üst səviyyədədir. Yəni nəzərə almaq lazımdır, kifayət qədər əhali arasında narazılıq var. Ağır vəziyyəti daha da ağırlaşdırmaq olmaz”.
Camal Cavanşir












