II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirildi - VİDEO

media-hightechnic-468x90

Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyinin və Türkiyənin Ticarət Nazirliyinin birgə dəstəyi, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilib.

Yenicag.az xəbər verir ki, forumda hər iki ölkədən yüksəkvəzifəli rəsmi şəxslər, dövlət qurumları, iş adamları, sahibkar birlikləri və palataları təmsil edən 500-dən çox nümayəndə iştirak edib.

Forumda çıxış edən Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin Azərbaycanın vacib ticarət tərəfdaşı olduğunu  bildirib. Onun sözlərinə görə, Azərbaycan–Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Baş nazir qeyd edib ki, Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub.

Daha sonra çıxış edən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan və Ermənistan arasında gələcəkdə sülhün əldə olunmasının vacibliyinə toxunub. O qeyd edib ki, sülh həm Cənubi Qafqaz üçün genişmiqyaslı sabitlik və rifah mühiti yaradacaq, həm də Orta Asiya, türk dövlətləri, Türkiyə və Avropa arasında inteqrasiya və əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Eyni zamanda, Orta Dəhlizin rəqabət qabiliyyətini daha yüksək səviyyəyə daşıyacaq.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çıxışında iki ölkə arasındakı strateji tərəfdaşlığa toxunub. Onun sözlərinə görə, Türkiyə şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesində ən fəal tərəfdaşlar sırasında yer alır.

Türkiyənin ticarət naziri Ömər Bolat isə deyib ki, bu gün Türkiyə–Azərbaycan münasibətləri tarixinin ən yüksək mərhələsini yaşayır. O, 2016-cı ildən etibarən Türkiyə–Azərbaycan ticarət dövriyyəsinin 2,4 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəldiyini diqqətə çatdırıb.

Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat çıxışında Türk dünyasının iqtisadi inteqrasiya mərhələsinə daxil olduğunu deyib. Onun sözlərinə görə, bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat şəbəkələrinin birləşdirilməsi, investisiya mühitinin gücləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Forum çərçivəsində rəsmi sənədlərin imzalanma mərasimi də baş tutub. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında, eləcə də “Büyükfırat” MMC ilə “Les Benjamins” Tekstil Ticarət Anonim Şirkəti arasında saziş imzalanıb.

Forum panel müzakirələri ilə davam edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa