Boşanmalar NİYƏ ARTIR?: “Ər-arvaddır, amma aralarında...”
“Boşanmaların artması ər-arvadın bir-birindən mənəvi cəhətdən kilometrlərlə uzaq olması ilə əlaqədardır”
Bunu tanınmış yazıçı Firuz Mustafa Yenicag.az-a açıqlamasında bildirib.

Cəmiyyətdə getdikcə artan boşanmalardan narahatlığını ifadə edən yazıçı bunun səbəblərini izah edib:
“Təəssüf ki, bu gün boşananların sayı durmadan artmaqdadır. Hətta zahirən belə görünür ki, evlənənlər boşananlardan azdır, yaxud da boşananlar evlənənlərdən çoxdur. Hərə boşanmanı bir səbəblə əlaqələndirir: biri kasıbçılıqla, digəri evsizliklə, xasiyyətlərinin uyğun gəlməməsi ilə, bəziləri də qayınanası, qayınatası, baldızı ilə yola getməməsi ilə… Amma mənim uzun illər apardığım müşahidələr deməyə əsas verir ki, boşanmaların artmasının əsas səbəblərindən biri ər-arvadın bir-birindən mənəvi cəhətdən kilometrlərlə uzaq olmasıdır. Bəziləri bunu xarakter uyğunsuzluğu ilə əlaqələndirir, lakin dünyagörüşünün ziddiyyətli olması da vacib şərtdir. Dəfələrlə bunu çıxışlarımda demişəm, yazılarımda da vurğulamışam ki, müxtəlif zamanlarda yaşayan adamlar bir yerdə yola gedə bilmirlər. Biri 20-ci əsrdədir, biri 17-ci, digəri 13-cü və s. Yəni bu zamanlar onların arasında böyük sədd yaradır və buna görə də bir dam altında yola gedə bilmirlər. Mənim gəldiyim qənaət budur”.
Cəvahir












