“Birləşmiş Ştatların yürütdüyü siyasət dünyanı sürətlə xaosa doğru sürükləyir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın dünya miqyasında qarşıdurmanı gücləndirən addımlarının mümkün nəticələrini dəyərləndirən Türkiyəli politoloq Salih Yılmaz deyib.
Salih Yılmaz belə hesab edir ki, Avropa İttifaqının aparıcı ölkələri sırf öz maraqlarını nəzərə alaraq, Türkiyəni dəstəkləməyə meyllənirlər:
“ABŞ-ın Yaxın Şərq, Rusiya və Çinə yönəlik birtərəfli siyasəti Avropa İttifaqını dərindən narahat etməkdədir. Çünki Avropa ölkələrinin iqtisadiyyatı həm enerji təminatı, həm də bazara çıxış baxımından, Şərqə doğru açılmalıdır.
Məsələn, Almaniya özünün təbii qaza olan ehtiyacını Rusiyadan idxal hesabına təmin edir. ABŞ isə Rusiya ilə qaz ticarətini dayandırması üçün Almaniyaya təzyiq göstərir. Eyni zamanda, Böyük Britaniya ilə Fransanın Birinci Dünya Müharibəsindən sonra Yaxın Şərqdə qurduğu düzəni ABŞ təkbaşına siyasəti ilə dağıtmaqdadır. Ən qəribəsi də budur ki, Vaşinqton Yaxın Şərq siyasətini həyata keçirərkən, London və Parisin mövqeyini əsla nəzərə almır.
“Soyuq savaş” dönəmində SSRİ-dən gələn təhlükəni önləmək üçün NATO xərclərinin böyük hissəsini öz üzərinə götürən ABŞ indi Avropadakı müttəfiqlərini NATO üzərindən təhdid edir. Ona görə də, Avropa İttifaqının əsas dövlətləri öz təhlükəsizliklərini təmin etmək üçün NATO-dan kənarda yeni vasitələr axtarırlar.
Belə bir vəziyyətdə Avropa Türkiyənin əhəmiyyətini daha çox anlamağa başlayır. Avropa ölkələri Türkiyəni “müdafiə xətti”nin əsas istehkamı kimi gördükləri üçün öz siyasətlərini dəyişməyə hazırlaşırlar.
Yəni son dönəmlərdə Avropa İttifaqı dövlətlərinin ABŞ-a qarşı mövqeyində Türkiyə ilə həmrəylik sərgiləmələri, əslində, onların öz gələcəklərini zəmanət altına almaq strategiyasının başlanğıcıdır. Onilliklər boyu ABŞ-dan hərbi-iqtisadi asılılığa məruz qalan Avropa ölkələri artıq “böyük qardaş”a güvənməyin mümkünsüzlüyünü anlayaraq, çıxış yolu tapmağa çalışırlar.
Bundan başqa, Çinin “İpək yolu” layihəsi ilə ortaya qoyduğu iqtisadi strategiyanın ABŞ-ın əli ilə Əfqanıstan və Suriyada əngəllənməsi Avropa İttifaqı ölkələrinin iqtisadiyyatı üçün də təhdid yaradır. Belə bir şəraitdə isə Rusiya, İran, Çin və Avropa İttifaqının bir-birilərilə yaxınlaşacağını deyə bilərik. Konkret desək, “ABŞ-ın mənə hər şey olar” siyasəti dünyanı xaosa sürükləyir”.
Salih Yılmazın fikrincə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması da ABŞ-ın mövcud siyasətinin öncədən proqnozlaşdırılması ilə bağlıdır:
“Böyük Britaniya bu vəziyyəti daha əvvəldən gördüyü üçün “Brexit” qərarı ilə Avropa İttifaqından çıxaraq, ABŞ-ın mövcud addımlarından özünü sığortalamış oldu. Ona görə də, ABŞ—ın bu siyasəti hazırda Almaniya və Fransa iqtisadiyyatına daha çox mənfi təsir göstərir.
Bildiyiniz kimi, Almaniya və Fransa iqtisadiyyatında avtomobil sənayesi xüsusi yer tutur. Birinci Dünya Müharibəsindən sonra öz enerji ehtiyaclarını Yaxın Şərq nefti hesabına təmin edən Avropa ölkələri bu üstünlüklərini artıq ABŞ-a güzəştə getməli olublar. Səudiyyə Ərəbistanı başda olmaqla, Körfəz ölkələri neft satışı məsələsində Avropanın təsirindən çıxaraq ABŞ-ın nəzarətinə keçiblər.
Yaranmış vəziyyət Avropa İttifaqının qlobal dünyada yeni strategiya əsasında mövcudluq zərurətini doğurub. ABŞ-ın birqütblü dünya düzənində rəqibləri ilə yanaşı müttəfiqlərini də heçə sayması Türkiyə kimi ölkələrin müstəqil siyasət yürütmələrini şərtləndirir. O baxımdan, BMT və NATO-nun təsir imkanlarının azalması fonunda yeni koalisiyaların yaranması getdikcə aktuallaşır”.
A.Zeynalov
www.yenicag.az