Böyük ehtirama layiq işıqlı adam – Yeganə İsmayılovanın yazısı
“Şübhəsiz ki, lütf Allahın əlindədir,
onu istədiyinə bəxş edər. Allah çox böyük Kərəm sahibidir”.
(Əl-hədid, 29)
Orta əsrlərdə Avropa universitetlərinin qapısı üzərində belə bir cümlə yazılırdı: “Dünya dörd dirək üzərində durur: 1. Alimlərin hikməti; 2. Böyüklərin ədaləti; 3. Dindarların ibadəti; 4. Qəhrəmanların şücaəti”.
Hüsn və Cəlal sahibi Böyük Rəbbimiz hər bir insanın taleyini doğuluşundan müəyyənləşdirir və qismət payını öz kəraməti vasitəsilə bölüşdürür. Anar müəllim haqqında yazı yazmaq istək və təfəkkürdən daha çox cəsarət tələb edir. Böyük alimi 70 illik yubileyi münasibətilə təbrik edə bilmək, bu insanın həyatını bilmək, onu dəyərləndirmək, həm də həmin həyatın özünü dərk etməkdən keçir. Təbrik edəcəyin şəxs böyük vətəndaş, parlaq zəka sahibidirsə, o zaman daha çox çətinlik yaranır. Millət vəkili, professor Anar müəllim Azərbaycanımızı hər yerdə – həm daxildə, həm xaricdə – iştirak etdiyi beynəlxalq konfrans və simpoziumlarda, dövlət tədbirlərində ləyaqətlə təmsil edən ali mərifət sahibi olan nadir şəxsiyyətdir, nurlu bir ziyalıdır.
Anar müəllim Bakı Dövlət Universitetinin məzunu olduqdan sonra doğulub boya-başa çatdığı Masallı rayonunda təyinatla üç il işlədikdən sonra bütün fəaliyyəti BDU ilə bağlı olmuşdur. O, Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, BDU-nun “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, Milli Məclisin VI və VII çağırış deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. 
Anar müəllimin bu illər ərzində 20 monoqrafiyası, 10 dərs vəsaiti, 350-dən çox elmi məqaləsi çap olunmuş, 50-dən artıq kitabın elmi redaktoru, elmi məsləhətçisi və rəyçisi olmuşdur.
Anar İsgəndərov gənc alimlərin yetişdirilməsində fəal iştirak edir və bununla fəxr edir. Anar müəllimin rəhbərliyi altında 25 nəfər namizədlik, 5 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda rəhbərliyi altında 10 doktorant, 8 nəfər dissertant dissertasiya mövzuları üzərində tədqiqatlarını davam etdirirlər. Tarix elmləri doktoru proqramı üzrə isə 6 elmlər doktorunu elmi məsləhətçisidir. Bütün bunlarla yanaşı professor A. İsgəndərov mütəmadi olaraq dünyanın bir çox ölkələrində keçirilən Beynəlxalq və Respublika elmi konfranslarınd iştirak edir və Azərbaycan tarixinin aktual problemləri ilə bağlı maraqlı məruzələrlə çıxışlar edir.
Professor A.İsgəndərov 2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanın Ali Attestasiya Komissiyasında Tarix və Siyasi Elmlər üzrə Ekspert Şurasının sədri olaraq məsuliyyətli, həm də ölkə elminə töhfə verən bir sahəyə rəhbərlik edir.
Müəllimlik müqəddəsdir. Hər bir şəxsin müəllimə, yolgöstərənə ehtiyacı var. Cəmiyyətin tarixində elə insanlar var ki, onlar öz əməlləri ilə xalqının yaddaşında qalır, təhsilin, elmin, mədəniyyətin, təfəkkürün inkişafında gördüyü işlərlə böyük hörmət sahibi olur, milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri yaşadırlar. Əmək, zəhmət insanı ucaldır, şöhrətləndirir, ona hörmət və nüfuz qazandırır. Təhsilə, elmə bağlı insanlar əməkləri ilə zirvələr fəth edir. Ağıl və kamal dünyaları ilə yaşadıqları ölkənin hüdudlarını aşır, öz yurduna, vətəninə baş ucalığı gətirir. Humanitar elm, ələlxüsus, tarix sahəsində çalışan alimlər böyüyən nəslə – tələbələrə tariximizi, həyati məsələləri, həyatın uğurlu və uğursuz ibrət dərslərini, özünü və əhatəsini dərk etməyi, ağıllı davranmağın yollarını öyrədirlər.
Bəşəriyyətin tarixi göstərir ki, təhsil cəmiyyətin həyatında mühüm amillərdən biridir. Müasir dünyanın inkişafında təhsil ənənlərini görə bilmək, onu qədərincə dəyərləndirmək, ondan yararlanmaq bu günün ən vacib keyfiyyətlərindəndir. Çox əziz və çox hörmətli Anar müəllim ömrünü elm və təhsilə vermiş dəyərli ziyalılarımızdan, alimlərimizdən, müəllimlərimizdən biridir. O, təhsilimizin, elmimizin inkişaf səviyyəsini yüksəltməkdə dərin iz qoymuşdur. Kəramət və dəyanət sahibi olan bu böyük insan təmənnasız olaraq ömrünü gənclərimizin inkişaf etməsinə həsr etmişdir. Gözəl ünsiyyət yaratmaq qabiliyyətinə malik olmaqla yanaşı, qayğıkeş və səmimi insan olan Anar müəllim cəmiyyətdə öz yerini düzgün müəyyənləşdirən alimlərimizdəndir. Anar müəllimin elmi, pedaqoji, ictimai fəaliyyəti ona böyük hörmət qazandırmışdır.
• 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransda maraqlı məruzəsinə görə Türkiyə Cümhuriyyətinin baş nazirinin qol saatı və “Altun” medalı ilə təltif olunmuşdur.
• 2008-ci ildə Türkiyə və Azərbaycan tarixinin tədqiqində maraqlı araşdırmalarına görə “Azərbaycan və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” “Qızıl döş nişanı” ilə təltif edilmişdir.
• 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
• 2016-cı il yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə” 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.
• 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu və “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.
Anar müəllimə ilk növbədə sağlam həyat, gümrahlıq, təbəssüm arzulayıram. Həm ictimai işlərdə, həm elmi fəaliyyətində uğurlar diləyirəm. Gözəl ailəniz, övladlarınız, nəvələriniz, sevdikləriniz – əzizlərinizin əhatəsində neçə-neçə yubileylər qeyd edəsiniz.
Xeyirxah insan, daim var olasınız!
Yeganə Nəhmətulla qızı İsmayılova
Bakı Dövlət Universiteti, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru












