Festivalda xəsarət alan yeddi nəfərin vəziyyəti açıqlandı (YENİLƏNİB)
Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
İki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
21:33
Milli Yaylaq Festivalında taxta konstruksiyanın aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisədə 1990-cı il təvəllüdlü Aytəmiz Oruci, Əli Məmmədzadə, 1998-ci il təvəllüdlü Kamran Zeynalov və 1997-ci il təvəllüdllü Vüsət Zeynalov yaralanıb.
Onlar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
20:07
V Milli Yaylaq Festivalının keçirildiyi ərazidə xoşagəlməz hadisə baş verib.
Report.az-in Qərb bürosunun məlumatına görə, etnoqəsəbə ərazisində qurulan taxta konstruksiyalardan biri aşıb.
Nəticədə bir neçə nəfərin xəsarət aldığı deyirlir. Dərhal ərazidə olan təcili tibbi yardım briqadası xəsarət alan şəxslərə köməklik göstərib və onlar Gənşə şəhərindəki müvafiq xəstəxanaya aparılıblar.













