Britaniya hökuməti dekabrın 29-da Ukraynanın Rusiyanın hərbi cinayətlərinə görə ədalət axtarma səylərinə dəstək məqsədilə 4,5 milyon funt sterlinq (5 milyon avrodan çox) ayırdığını elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin bazar günü verdiyi açıqlamada bildirilib.
Açıqlamada qeyd olunur ki, 2024-cü ildə Böyük Britaniya milyardlarla funt sterlinqlik hərbi, iqtisadi və humanitar yardım vədləri ilə Ukraynaya dəstək sahəsində qlobal liderliyini davam etdirəcək.
“Hökumət dəstəyi 2025-ci ilə qədər davam edəcək. Bu çərçivədə bu gün Ukraynanın Rusiyanın genişmiqyaslı işğalı zamanı törətdiyi hərbi cinayətlərə görə ədalət axtarma səylərinə dəstək məqsədilə 4,5 milyon funt sterlinq ayrılıb. Bu maliyyə vəsaiti müharibə cinayətlərinin sənədləşdirilməsi, təhqiqatı və təqibinə dəstək olmaqla yanaşı, Böyük Britaniyanın Müharibə Cinayətləri Məsləhətçi Qrupu vasitəsilə ABŞ və Aİ tərəfdaşları ilə əməkdaşlığı tamamlayacaq,” – deyə açıqlamada bildirilir.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi isə vurğulayıb ki, Ukraynada şahidi olduqları vəhşilikləri təsvir etmək mümkün deyil:
“Cavabdehlik olmadan davamlı sülh ola bilməz. Böyük Britaniyanın dəstəyi Ukraynaya bu cinayətlərin qurbanları və sağ qalanları üçün ədalətə nail olmaqda kömək edəcək. 2025-ci ilə nəzər salsaq, mesajımız aydındır: müharibədə sizinlə birgə olacağıq, sülh zamanı da sizinlə olacağıq və təhlükəsizliyiniz üçün mübarizə apardığınız vaxtda yanınızda olacağıq”.
Bundan əvvəl Böyük Britaniya Ukraynaya ümumi məbləği 286 milyon dollar olan hərbi yardım paketini açıqlamışdı. Həmçinin, ölkə Ukraynaya daha çox hərbi təlim təklif edəcəyini də bəyan edib.
www.yenicag.az