“Ermənistan müxalifəti qondarma “erməni soyqırımı”nın 109-cu illiyi ilə bağlı iddia edə bilər ki, baş nazir Nikol Paşinyan “soyqırımı” ifadəsini işlətməyəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
O, aprelin 24-də qondarma erməni soyqırımının 109 illiyi ilə bağlı Ermənistan müxalifətinin hakimiyyətə qarşı olan bəyanatlarını şərh edib.
S.Hümbətov deyib ki, Paşinyanın bu ifadəni işlətməməsinin bəlkə də haqlı tərəfləri mövcuddur.
“Çünki əgər Ermənistan hakimiyyəti Türkiyə ilə normallaşma prosesinə gedirsə, məsələləri qabartmaq və problem yaradacaq bəyanatlardan çəkinə bilər. Amma hər şey aprelin 24-nə qədər olan vaxtdan asılıdır. Əgər o vaxta qədər hər hansı gərgin vəziyyət yaranmayacaq və münasibətlərdə pozulmalar olmayacaqsa, məncə, Paşinyan çox da dərin getməyəcək. Çünki qondarma “erməni soyqırımı” ilə bağlı ifadələr işlətməzsə, bu, Türkiyə ilə münasibətlərin qurulmasına töhfə verə bilər”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, indidən bunları proqnozlaşdırmaq çox çətindir. “Lakin Paşinyanın çıxışına qədər veriləcək açıqlamalardan çox şey asılıdır. Siyasi proseslərin birbaşa təsirinin olacağı isə qaçılmazdır. Mən bu məsələdə daha çox siyasi proseslərin gedişindən ehtiyat edirəm. Çünki orada veriləcək açıqlamalar çox önəmlidir.
Bu gün Ermənistanda müxalifətin əlində elə bir güc qalmayıb ki, onu Paşinyana qarşı istifadə etsin. İnanmıram ki, onların təsir imkanları geniş olsun. Düzdür, müxalifət bundan öz xeyrinə istifadə etməyə çalışacaq, lakin bunun nəticə verib-verməyəcəyi sual altındadır”, – deyə o, əlavə edib.
Xatırladaq ki, müxalifyönlü erməni mətbuatı iddia edir ki, Paşinyan bu il aprelin 24-də “soyqırımı” ifadəsini işlətməyəcək.
Rafi Müslümov
www.yenicag.az