“Bu gün Fərid, sabah sən…” – Dövlətdən gizlənən söyüşcüllərə AÇIQ MESAJ
Dövlət Təhlükəsizliyi Xidmətinin bir müddət əvvəl Prezidentin ailəsini şantaj etməyə cəhd göstərən şəxslə bağlı apardığı əməliyyat bir həqiqəti açıq şəkildə ortaya qoydu: dövlətə qarşı qurulan çirkli planlar gec-tez ifşa olunur və onların müəllifləri hüquq qarşısında cavab verməli olurlar.
Sadəlövhlük olardı düşünmək ki, belə bir təhlükəli addım birdən-birə yaranır. Prezident ailəsini hədəfə almaq səviyyəsinə gəlmək üçün uzun müddət formalaşmış arxayınlıq, cəzasızlıq hissi və kimlərinsə himayəsinə güvənmək lazımdır. Bu isə artıq tək bir şəxsin deyil, müəyyən şəbəkənin fəaliyyətindən xəbər verir.
Videoda müşahidə olunan davranışlar da göstərir ki, burada planlı fəaliyyət elementləri var. Bu, təsadüfi addım deyil. Bu, hesablanmış riskdir. Və belə risklər adətən arxada dayanan daha böyük maraqlar olmadan atılmır.
Əsas suallar da məhz buradan başlayır: Bu proseslərin arxasında kim dayanır? Bu şəxslərə kim arxayınlıq verib? Onları belə təhlükəli addıma kim sövq edib?
Şantaj yalnız mənəviyyatsızlıq deyil, həm də strateji savadsızlıqdır. Xüsusilə də dövlətə qarşı yönələndə. Tarix dəfələrlə göstərib ki, dövlət institutları şantaj və təzyiq qarşısında geri çəkilən mexanizm deyil. Əksinə, belə cəhdlər dövlətin hüquqi və təhlükəsizlik sistemlərini daha sərt və prinsipial addımlar atmağa vadar edir.
Bu hadisədə ən çox diqqət olunası məqam isə başqa bir həqiqətdir: Kim harada gizlənməsindən asılı olmayaraq, hüquqdan və dövlətdən qaçmaq mümkün deyil.
Fərid Salmanovun başqa ölkədə saxlanılması və nəticədə Azərbaycan qarşısında cavab verməsi bir mesajdır. Bu mesaj tək bir şəxsə yox, özünü toxunulmaz hesab edən hər kəsə ünvanlanıb. Bu, dövlətin imkanlarının, səbrinin və iradəsinin göstəricisidir.
Ən çox narahat olanlar da məhz bunu anlayırlar: Xaricdə olmaq təhlükəsizlik zəmanəti deyil. Başqa ölkədə yaşamaq məsuliyyətdən sığorta deyil. Uzaqda olmaq unudulmaq demək deyil.
Kimlərsə düşünür ki, xaricdə oturmaqla məsuliyyətdən yayınmaq mümkündür – bu, təhlükəli illüziyadır. Çünki qanunu pozan hərəkətlərin izi qalır. Və həmin iz bir gün səni tapır.
Bəzən insan gecə rahat yatır, səhər isə tamam başqa reallıqla üzləşir. Bu gün bir ölkədə yaşayırsan, sabah isə özünü məhz törətdiyin əməllərə görə cavab verdiyin yerdə görə bilərsən. Çünki hüquq sistemi məsafə tanımır.
Bu gün Fəriddirsə, sabah başqası ola bilər. Bu, bir dövlət reallığı, “Dövlət Baba”nın nəyi nə zaman edə biləcəyinin göstəricisidir.
Nəticə etibarilə, dövlətə qarşı şantaj, böhtan və çirkli kampaniya aparan hər kəs anlamalıdır ki, məsuliyyətdən qaçmaq mümkün deyil. İllər keçə bilər, məkan dəyişə bilər, amma cavab vermək günü gec-tez gəlir.
Dövlətin yaddaşı ilə kimsə oyun oynamağı düşünməsin. Çünki o yaddaş heç nəyi unutmur. Sən xarici ölkədə kofeni içib, kruasanını yeyib, kilometrlərə, sərhədlərə, xarici xidmət orqanlarına arxalanıb, söyüşünü söyürsən. Və dövlət istərsə, o kofeni də, o kruasanı da sənin burnundan fitil-fitil gətirə bilir. Fərid Salmanov nümunəsində olduğu kimi. Təbii ki, dövlət istərsə…
Aqil Ələsgər













