Bu ölkədə doğuş göstəriciləri AZALDI
Almaniya Federal Statistika İdarəsi (Destatis) 2024-cü il üzrə doğum statistikasını açıqlayıb.
Yenicag.az xəbər verir ki, rəsmi məlumatlara görə, ölkədə ümumi doğum səviyyəsi azalmağa davam edir.
2024-cü ildə Almaniyada 677 min 117 körpə dünyaya gəlib ki, bu da 2023-cü illə müqayisədə 15 min 872 nəfər və ya 2 faiz azalma deməkdir. Bununla yanaşı, bir qadının 15-49 yaş arasında doğura biləcəyi ortalama uşaq sayını ifadə edən ümumi doğum göstəricisi 2023-cü ildəki 1,38-dən 2024-cü ildə 1,35-ə düşüb.
Statistika göstərir ki, bu göstərici 2022 və 2023-cü illərdə də ardıcıl olaraq 8 və 7 faiz azalmışdı. 2024-cü ildə doğuş edən anaların orta yaşı 31,8 olaraq qeydə alınıb.
Almaniyanın şərq bölgələrində doğum göstəricisi daha aşağıdır – şərq əyalətlərində qadın başına orta hesabla 1,27, qərbdə isə 1,38 uşaq düşür. Milliyyət üzrə bölgü də diqqət çəkir. Alman vətəndaşı olan qadınlarda bu göstərici 1,23, xarici vətəndaş qadınlarda isə 1,84 olaraq qeydə alınıb. Bununla belə, 2017-ci ildən bəri xarici qadınlar arasında da doğum səviyyəsinin tədricən azaldığı bildirilib.
Avropa İttifaqı üzrə 2023-cü il göstəricilərinə əsasən, ümumi doğum göstəricisi 1,38 olub. İttifaq daxilində ən yüksək doğum səviyyəsi 1,81 uşaqla Bolqarıstanda, ən aşağı göstərici isə 1,12 uşaqla Maltada qeydə alınıb. Mütəxəssislər Almaniyada və bütövlükdə Avropada doğum səviyyəsinin azalmasını uzunmüddətli demoqrafik və iqtisadi təsirlərlə əlaqələndirirlər.