Qarabağ müharibəsində iştirak edən şəxslərə “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməyə icazə verilmir.
Yenicag.az xəbər verir ki, bu iddianı Ermənistanın “Hraparak” nəşri tirajlayıb.
İddiada qeyd edilir ki, bu, həm Ermənistandan Xankəndiyə, həm də Xankəndidən Ermənistana getmək istəyənlərə aiddir. Qarabağdan getmək istəyənlərin buraxılmamasına səbəb isə budur ki, Azərbaycan hərbçiləri müvafiq qanunvericilik dəyişiklikləri hazırlanmayana, məhkəmə prosesləri və ya cinayət işləri başa çatana qədər həmin şəxslərin Qarabağı tərk etmək hüququna malik olmadığını bəyan edib. Onlar ya mühakimə ediləcək, ya da ümumilikdə amnistiya alacaqlar – yalnız bundan sonra onların sərbəst hərəkətinə imkan veriləcək.
Xankəndidə olan və müharibədə iştirak edən bir nəfər adının açıqlanmaması şərtilə bildirib ki, Azərbaycanda 500 nəfərin adı olan siyahısı var:
“O siyahıya Vitali Balasanyan, bir çox erməni general və komandirlərinin də adı daxil edilib”.
Qeyd edək ki, rəsmi Bakı qanunsuz silahlı birləşmələrin təslim olacağı və inteqrasiya prosesinin başlayacağı təqdirdə amnistiya müzakirəsinin mümkünlüyünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin bu açıqlamasını ABŞ Dövlət Departamenti alqışlayıb.
www.yenicag.az