ODLA OYNAYANLAR: "Bu taksilər təcili dövriyyədən çıxarılsın”
“Təcili sürətdə qaz balonu ilə çalışan avtomobillər taksi fəaliyyətində dövriyyədən çıxarılmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O, son vaxtlar kustar üsulla qaz quraşdırılan avtomobillərdə baş verən partlayışlarla bağlı xəbərdarlıq edib.
Belə qaz balonlarının taksi fəaliyyəti ilə məşğul olan avtomobilərdə də quraşdırıldığını deyən ekspert həyəcan təbili çalıb:
“Artıq neçənci dəfədir ki, avtomobillərdə qaz balonlarının partlamasının şahidi oluruq. Neçə illərdir ki, bununla bağlı tədbirlər görülür, maariflənmə işləri aparılır ki, avtomobillərə kustar üsulla qaz balonları quraşdırılmasın. Eyni zamanda bu proses xüsusi lisenziyalaşdırılmış şirkətlər tərəfindən həyata keçirilsin. Amma təəssüflər olsun ki, məsuliyyətsiz vətəndaşlar yenə də kustar üsulla qaz balonları quraşdıran yerlərə müraciət edirlər. Ən qorxulu tərəfi bundadır ki, kustar üsulla qaz balonu quraşdırılan bəzi avtomobillər hətta taksilərdə istismar olunur. Bunların qarşısı alınmalıdır. Təcili sürətdə qaz balonu ilə çalışan avtomobillər taksi fəaliyyətində dövriyyədən çıxarılmalıdır”.
Cəvahir












