Büllur Məmmədova: "Əyləncə məkanlarında içkinizi nəzarətsiz qoymayın" – VİDEO
“Barlarda və əyləncə məkanlarında içkilərə gizlicə psixotrop maddələrin qatılması insanlara qarşı törədilmiş bir terrordur. Bu maddələr insanın iradəsini sındırmaq, yaddaşını və diqqətini məhv etmək məqsədi daşıyır”.
Bunu Yenicag.az-a açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.

Təşkilat rəhbəri əyləncə məkanlarında gəncləri gözləyən gizli risklərdən və içkilərə gizlicə qatılan maddələrin doğurduğu fəsadlardan danışıb.
“Bu cür maddələr insanın iradəsini tamamilə sıradan çıxarır. Mən bu halları bir terror aktı kimi qiymətləndirirəm. Hazırda Azərbaycanda rəsmi olaraq belə bir fakt qeydə alınmayıb, hüquq-mühafizə orqanlarına və ya narkoloji dispanserlərə müraciət daxil olmayıb. Lakin bu, bizim arxayınlaşmağımıza səbəb olmamalıdır”.
Ekspertin sözlərinə görə, qloballaşma və turizm axınının artması fonunda xarici mənşəli təhlükəli trendlərə qarşı ayıq olmaq vacibdir:
“Ölkəmiz tranzit ərazidir və narkotik vasitələrin haradan gəldiyini yaxşı bilirik. Gənclərimiz, yeniyetmələrimiz çox diqqətli olmalıdırlar. Əyləncə məkanlarında içkinizi bir anlıq belə nəzarətsiz qoymayın. Əgər özünüzdə qeyri-adi bir hal, qəfil halsızlıq hiss etsəniz, dərhal stəkanı dəyişin, məkanı tərk edin və yaxınlarınızdan kömək istəyin”.
B.Məmmədova vurğulayıb ki, risklər barədə əhalini öncədən məlumatlandırmaq həyati əhəmiyyət kəsb edir:
“Kütləvi informasiya vasitələri və sosial media platformaları insanları toplu məkanlarda daha diqqətli olmağa səsləməlidir. Şübhəli hallarda aidiyyəti qurumlarla əlaqə saxlamaq mütləqdir”.
Sona Əliyeva
Səxavət Əliyev












