Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Biz o torpaqlara qayıdacağıq və qisasımızı alacağıq" - Reportaj+FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq, Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsinə tərəf ictimaiyyət nümayəndələrinin izdihamlı axını başlayıb. İnsanlar erməni vandalizminin XX əsrdə törətdiyi ən qanlı cinayətlərindən birinin – Xocalı soyqırımının 25-ci ildönümündə şəhidlərin xatirəsini yad etmək üçün Xocalı memorialının önünə tər qərənfillər düzürlər. Abidənin ətrafındakı hündürmərtəbəli binaların fasadlarına “Xocalı qan yaddaşımız!”, “Soyqırımı unutma!” şüarları yazılmış iri lövhələr yapışdırılmışdı. Hər bir vətəndaş abidənin qarşısında Xocalı qurbanlarının adı yazılan lövhənin önündə dayanaraq, onların ruhları qarşısında baş əyirdi.

Yeniçağ.az olaraq səhər saatlarından başlayan axına biz də qoşulub, Xocalı qurbanlarını yad edərək, abidəni ziyarət etdik. Yürüş zamanı böyük izdiham vardı. Hər kəs əllərində qırmızı qərənfil və Xocalıya aid lövhələr tuturdu.

İnsan izdihamı arasında gözüyaşlı dua edən, yaşlı bir xanım diqqətimi çəkdi. Əlindəki qərənfilləri abidənin önünə qoyub, cavan oğlanın fotosunu götürüb, kənara çəkildi. Yaxınlaşıb, söhbət etməyə başladıq. Xocalı sakini olan bu ana şəkildəki şəxsin onun oğlu olduğunu bildirdi:

“Oğlum Əbilov Məzahir Yaqub oğlu polis olub. Həmin faciə gecəsinin qurbanıdır. O gecə barədə danışmaq mənim üçün çox çətindir. O, çox torpaqcanlı idi. Xocalı sakinləri ermənilər tərəfindən mühasirəyə alınanda, oğlum qarın içində ayaqyalın vəziyyətdə uşaqdan tutmuş böyüyə qədər hamını Qarqar çayından Şelli qayasına keçirirmiş. Sonra mühasirəyə düşüb. Bu günə qədər də ondan bir xəbər yoxdur (kövrəlir). Əsir düşəndə 23 yaşı vardı (ağlayır)”.

Daha sonra eynəyini çıxarıb, göz yaşını silən bir xanımı gördük. O, müğənni Mətanət İsgəndərli idi. Müğənni xanım başsağlığı verib, üzgün olduğunu qeyd etdi:

 

“Qanında Azərbaycan qanı axan hər bir insan kimi mən də bu günün qurbanlarını yad etməyə gəlmişəm. 25 ildir ki, biz o ağrını, acını yaşayırıq. İçim qan ağlayır. Mən izdihamın içində gələ-gələ həm ağlayırdım, həm də qürur hissi keçirirdim. Bu müsibət, bu haqsızlıq niyə bizim başımıza gəldi? Nədir bizim günahımız? Gec-tez haqq bizim tərəfimizdədir və öz yerini tapacaq. Allah xalqımıza kömək olsun. Bizim şəhidlərimizin qanını yerdə qoymasın. O gün olsun zəfər bayramını qeyd edək!”

Sonra əlində cavan oğlan portreti tutan bir qıza yaxınlaşdıq. O, abidəyə baxıb susurdu. Salamlaşırıq. 18 yaşlı Şamilə anasının Xocalıdan olduğunu söylədi:

“Mən uşaqlıqdan şəhidlərimin qisasını almaq hissi ilə böyümüşəm. Şəkildə gördüyünüz şəxs Xıdır Cabbarov mənim qohumumdur. Faciə gecəsi şəhid olub. Bu gün bu izdihamı görəndə insan düşünür ki, gerçəkdən də biz qələbəyə doğru gedirik. Bəlkə də o qələbə çox yaxın zamandadır. Biz o torpaqlara qayıdacağıq və qisasımızı alacağıq”.

Şamilə ilə söhbət zamanı bir qadının hönkürtü ilə ağladığını gördüm. Hər kəs onun ətrafına toplaşıb, sakitləşdirməyə və təskinlik verməyə çalışırdı. Hamı kimi biz də yaxınlaşdıq. Xocalı sakini olan İmarət Kamilli göz yaşını silib, dərdini bizimlə bölüşməyə başladı:

“Xocalı hamımızın ürəyində sağalmayan bir yaradır. Ermənilər rədd olsunlar torpaqlarımızdan biz də gedək öz yurdumuza. Şəhidlərimizin qisasını alaq (ağlayır). Şəkildə gördüyünüz Cabbarov Azad yaxın qohumumdu, itkin düşüb. 25 ildir ondan heç bir xəbər yoxdur”.

Biz də hamı kimi Xocalı qurbanlarını yad edərək abidəni ziyarət edib, qərənfil qoyub uzaqlaşırıq. Allah rəhmət eləsin!

Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı işğal edilir. Qadın, kişi, uşaq qətlə yetirilir, heç kimə aman verilmir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilir. 8 ailə tamamilə məhv edilir, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirir. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanır. 1275 nəfər əsir götürülür. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Foto: Cəmalə Əlizadə

www.yenicag.az

705
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100