BVF rəsmisi: "Mərkəzi Banklara etimad azaldıqca inflyasiya artır"
Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pier-Olivye Qurinşa bildirib ki, Mərkəzi Banklara faiz dərəcələrini azaltmaq üçün artan təzyiqlər müşahidə olunur.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, Qurinşa konkret ölkələrin adını çəkməyib.
Onun sözlərinə görə, Mərkəzi Banklara olan etimadın itirilməsi inflyasiya gözləntilərini nəzarətdə saxlamaq səylərinə mənfi təsir göstərə bilər ki, bu da həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin keçmişdə öyrəndiyi dərslərdən biridir.
“Mərkəzi Banklara olan etimad inflyasiya gözləntilərini sabitləşdirməyə kömək edir və bu etibarlılıq qorunmalıdır. Etimad azaldıqca inflyasiya və inflyasiya gözləntiləri həmişə artır, makroiqtisadi sabitlik pozulur və nəticədə hamı zərər görür,” – Qurinşa BVF və Dünya Bankının illik toplantısında deyib.