Cəbrayılın üç kəndinin işğaldan azad edilməsinin ildönümüdür – FOTO/VİDEO

Bu gün Cəbrayıl rayonunun daha üç kəndinin işğaldan azad olunduğu gündür.

Yenicag.az xəbər verir ki, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 5 oktyabr 2020-ci ildə yaydığı “Twitter” ilə daha üç kəndin – Şıxalıağalı, Sarıcallı və Məzrə kəndlərinin düşməndən azad olunduğunu elan edib.

Şıxalıağalı Cəbrayıl rayonunun Şükürbəyli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xanın Zəngəzurdan (əsasən, indiki Zəngilan rayonunun Ağalı kəndindən) köçürdüyü ailələrin məskunlaşması nəticəsində yaranıb. Şıxalı ağa adlı şəxs bu ailələrin başçısı olub. Kənddə şıxalıağalı nəsli ilə yanaşı, alıyarlı, əbilqasımlı, həsənalıbəyli nəsilləri də yaşayıb.

Sarıcallı kəndi Rusiya İmperiyası illərində kənd Yelizavetpol quberniyasının Cəbrayıl mahalının bir hissəsi olub. 1912-ci il üçün “Qafqaz təqvimi”nə görə, Karyaqinski rayonunun Saricallu kəndində “tatarlar” olaraq göstərilən azərbaycanlılar olan 398 nəfər yaşayıb. Kəndin adı Qarabağ xanlığının ictimai-siyasi həyatında mühüm rol oynamış Sarıcallı tayfasının adındandır.

Məzrə kəndinin adı ərəb dilində “əkin üçün yararlı yer”, “əkin yeri”, “tarla”, habelə “əkin yerləri əsasında yaranan məntəqə”, “oba”, “kiçik yaşayış məntəqəsi” mənalarını kəsb edir. 1918-1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırıb, əhalinin əmlakını talan edib və dağıdıb. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülüb.

Xatırladaq ki, ötən il bugünkü tarixədək Cəbrayıl rayonunun 16 kəndi – Böyük Mərcanlı, Nüzgar, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl və Karxulu kəndləri və Cəbrayıl şəhəri işğaldan azad olunub.