!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmil Məmmədli: “Ziyəddin Əliyev öz “manevr”ləri ilə dövləti şantaj edir” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Ölkənin qanunlarını tapdalayacaq qədər ağır güclər Ziyəddin Əliyevi qoruyurlar”.

Artıq bir aya yaxındır ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə araşdırmaçı jurnalist Cəmil Məmmədlinin məhkəmə prosesi davam edir. İcra başçısı jurnalisti xüsusi ittiham qaydasında məhkəməyə verib. Qeyd edək ki, icra başçısının jurnalisti məhkəməyə verməsinin səbəbi Quba rayonunda rüşvət və korrupsiya faktlarını, o cümlədən digər neqativ halları ictimailəşdirməsi olub. Jurnalist Cəmil Məmmədli Yenicag.az-a müsahibəsində bu və başqa məsələlərə toxunub.

– Uzun illərdir, bölgə müxbiri kimi fəaliyyət göstərirsiniz. Azadlıq Radiosunun şimal bölgəsi müxbiri olmusunuz. Bölgə jurnalistlərinin hansı çətinlikləri var?

– Ən böyük problem bölgədə olmaqdır. Bölgədəki jurnalistlərin başına gələn bütün işlər mərkəzə çatana qədər jurnalistlər təhdid altında olurlar. Bölgədə tərəfsiz işləmək mümkün deyil. Çünki istənilən məmurla hər hansı stiuasiyada üzbəüz qalırsansa, səni heç kim səbəbsiz müdafiə etmir. Gərək ya kiminsə adamı olasan, ya da hansısa qruplara qoşulasan. Bundan əlavə, bölgdə yaşayırsansa, ən xırda bir tənqidə görə ailə üzvləri, qohum-əqraba, dost-tanışlar belə təhdid altında olur. Əvvəl qohumlara çıxırlar, görəndə ki nəticə əldə olunmur, elə o qohumlara yönəlik təhdidlər başlayır. Vay o günə hansısa uzaq və yaxın qohum dövlət işində işləsin. Onları işdən çıxarmaqla hədələyirlər. Bu da qohumlarla jurnalistin qarşı-qarşıya qoyulması deməkdir. Bölgədə jurnalist olmaq qohumlarla üz-üzə qalmaq deməkdir. Bir sözlə, bölgədə jurnalist olmaq ikiqat çətindir.

– Şimal bölgəsi ilə bağlı çox sayda araşdırmalar aparmısınız. Ən böyük təhdidi nə zaman almısınız?

– “Arzu” Ticarət Mərkəzinin sahibi Nəcibə Babayevanın qətlini araşdıran zaman təhdidlər almışam. Bu təhdidlər hələ də davam edir. Bütün düyünlər Baş Prokurorluqda ilişib qalıb. Həmin qətli araşdıranda üç dəfə haqqımda qondarma cinayət işi açılıb. Sadəcə olaraq, bunları ictimailəşdirməmişəm. Şou düzəltməyi sevmirəm. Regionlarda məmur özbaşınalığı ilə vuruşursansa, hətta bütün qanunlar tərəfində olsa belə, paytaxta saxta məlumatlar ötürüb, jurnalist “neytrallaşdırmağa” çalışırlar.

– Ziyəddin Əliyevlə bağlı araşdırmaya necə başladınız?

– Diqqətimi çəkdi ki, üç ildə 52 məmuru bəyənməyərək işdən çıxarıb, ancaq bir neçəsini təkrar işə qaytarıb. Yenidən işə qaytarılanları araşdıranda məlum oldu ki, icra başçısı onlardna pul alıb. Beləcə, araşdırmaya başladım. Araşdıranda ortaya çıxdı ki, Ziyəddin Əliyev Quba rayonunda hansı dövlət layihəsi həyata keçirilibsə, onların hər birinin hesabına özünə ən azı bir obyekt tikib. Məsələn, Təngəaltı yolunun genişləndiriləsi adı altında layihə həyata keçiriblər, ancaq yol genişlənməyib, sadəcə, ərazini böyüdüb orada özü üçün restoranlar tikdirib. Həmin restoranlar Qubanın Yol-istismar İdarəsinin müdiri Gülağa Əliyevin adına rəsmiləşdirilirb.

– Yaxşı, bəs bölgədə olan digər jurnalistlər bu barədə niyə susurlar?

– Çünki araşdıran olarsa, üzə çıxacaq ki, bir çox jurnalistlərə Ziyəddin Əliyev tərəfindən Quba ərazisində 2 sotdan 4 sota qədər torpaq hədiyyə olunub. Bəzi jurnalistlərə abadlıq işləri aparılan parklardan və ərazilərdən mişar daşı, sement və digər tikinti materialları “hədiyyə” olunub. Bəzi jurnalistlərin qohumları rayonda müxtəlif işlə təmin olunub. Hətta bir sıra jurnalistlərə aylıq “konvert” verilib.

– İttiham olunduğunuz epizodlardan danışaq. İcra başçısına 20 min manat rüşvət verilməsi barədə məlumat yaymısınız…

– Bəli. Ziyəddin Əliyev vəzifəyə təyin olunduqdan cəmi 15 gün sonra Alekseyevka kənd icra nümayəndəsi Ramin Nəcəfovu işdən çıxarıb. 10 aydan sonra Nəcəfovdan 20 min manat alaraq onu Zərdabi qəsəbəsinə icra nümayəndəsi təyin edib. Daha sonra yaylaq satışı zamanı icra başçısının əleyhinə ifadə verdiyi üçün onu təkrar işdən çıxarıb. Bu barədə Ramin Nəcəfov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Mən də həmin faktı səsləndirmişəm.

– Yaylaq satışı nə məsələdir? Ramin Nəcəfov niyə Ziyəddin Əliyevin əleyhinə ifadə verib?

– Ramin Nəcəfovun əli ilə 12 min manat rüşvət alan Ziyəddin Əliyev yaylaq yeri əvəzinə alıcıya qayalığı satıb. Bütün problemlər də bundan sonra başlayıb. Hal-hazırda, yəni bu gün saat 11:00-da bu məsələ ilə bağlı Quba rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrlyi ilə məhkəmə prosesi keçiriləcək. Bu, sayca dördüncü prosesdir. Alıcı aldadıldığı üçün polisə müraciət edib. Polis işi prokurorluğa, həmin orqan da icra başçısının adı hallandığı üçün Korrupsiya İdarəsinə göndərib. Bununla bağlı cinayət işi açılıb.

– Sizi də məhz bunları səsləndirdiyin üçün böhtan atmaqda ittiham edirlər?

– Bəli. Maraqlısı budur ki, şimal bölgəsində bu proseslərin təfsilatını hər kəs bilir. Ancaq bunu səsləndirdiyim üçün məhkəməyə verilmişəm. Bununla bağlı cinayət işi açılıb və təkrar deyərəm ki, sabah məhkəmədir.

– İctimai işlərə cəlb olunan vətəndaşların adına açılan maaş kartları ilə bağlı nə deyə bilərsiniz?

– 199 ədəd belə kart var. 2019-cu ildə Quba rayonunda ictimai işlər üçün 525 kvota ayrılıb. Bu zaman şahidlərin – İcra aparatının işçilərinin dediyinə görə, Ziyəddin Əliyev iclas keçirərək icra nümayəndələrinin işçilərinə tapşırıq verib ki, 200 nəfər sakit və fağır vətəndaşın şəxsiyyət vəsiqəsini tapıb gətisinlər. Beləliklə, 200 nəfər sakit və fağır adamın şəxsiyyət vəsiqələri toplanaraq icra başçısına verilib. Həmin adamların 30 faizinə izah olunub ki, maaş almayacaqsınız, ancaq sizə əmək stajı yazılacaq. Adamlar stajın xətrinə razılaşıblar.

– Bu məsələnin üstü necə açılıb?

– İcra nümayəndələrindən biri Ramin Nəcəfov faktla bağlı Korrupsiya İdarəsinə müraciət edib. Bundan sonra Ramin Nəcəfov həmin faktı üç jurnalistə təqdim edib. O jurnalistlər də nəyinsə qarşılığında, nəyəsə görə faktı ictimailəşdirməyiblər. Məlumatı əldə etdikdə, dərhal bunu ictimailəşdirdim. Çünki Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayəti bilə-bilə gizlətməyin özünün də cinayət olması barədə maddə var.

– İcra başçısının buna görə sizi məhkəməyə verəcəyini gözləyirdiniz?

– Yox. Sadalanan məsələlərlə bağlı cinayət işinə cəlb olunan heç kəs bunu etməzdi.

– Artıq 4 məhkəmə prosesi keçirilib. Məhkəmələrin gedişi barədə nə deyə bilərsiniz?

– Məhkəmədən qeyri-qanuni heç nə ummuram. Sadəcə, imkan yaratsınlar, təqsirsizlik prezumpsiyasından istifadə edərək, günahsızlığımı sübut edib. Dünyanın heç yerində belə bir məsələ yoxdur. Məhkəməyə verilən şəxs təqsirsizliyini sübut etməyə çalışır.

– Qarşı tərəf özünü necə aparır?

– Siyasi “manevr” edərək dövləti şantaj edir. Əla bilir ki, təqsirkardır, sadəcə, jurnalistlə mübahisəsini uzadaraq, vəzifədəki ömrünü uzatmağa çalışır.

– Bizə də maraqlıdır, barəsində bu qədər faktlar olan Ziyəddin Əliyev necə öz postunda qala bilir?

– Bu həm də onun göstəricisidir ki, Ziyəddin Əliyevi “böyük əllər” müdafiə edir. Nəyin qarşılığında olduğnu deyə bilmərəm. Onu deyə bilərəm ki, arxası möhkəmdir. Ölkənin qanunlarını tapdalayacaq qədər ağır güclər Ziyəddin Əliyevi qoruyurlar. Cəzalandırmaq nədir? Hətta onun mükafatlandırılması barədə söz-söhbətlər gəzir. Hətta onun başqa bir rayona icra başçısı göndəriləcəyi deyilirdi.

– Jurnalistlərlə bağlı xeyli məhkəmə prosesi olub. Özünüzlə bağlı prosesin nəticəsini necə görürsünüz?

– Qanununun “Q” hərfinə hörmət etsələr, Ziyəddin Əliyev barəsində ciddi tədbirlər görüləcəyini düşünürəm. Bu məsələ ilə bağlı müəyyən razılığa gəlmək istədilər, ancaq mövqeyimi dəyişmədim, ona görə də iş məhkəməyə qədər gəlib çıxdı.

– Sizcə, hökumət icra baçısını jurnalistə uduzdurar?

– Hökumət uduzdurmaq istəməz, ancaq icra başçısı artıq uduzub.

– Hökumət niyə uduzdurmaq istəməz?

– Hökumət belə bir presedentin yaranmasını istəməz. Bu, cəmiyyətdə jurnalistlərin mövqeyini möhkəmləndirə bilər. Hökumət buna getmək istəməz. Çünki ölkədə bu halların sayı arta bilər.

Səxavət Məmməd

www.yenicag.az

1291
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv