“Fransa istəyir ki, Ermənistan formal müstəqil olsun, ordan Gürcüstana və Azərbaycana təsir və təzyiqlər etsin”.
Bu fikri Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz uğrunda ABŞ-Rusiya qarşıdurması və bunun verə biləcəyi fəsadları dəyərləndirən təhlükəsislik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
İlham İsmayılın sözlərinə görə, siyasi gərginlik hərbi müstəviyə keçməyəcək.
“Rusiya-ABŞ toqquşması yeni deyil. Özünü postsovet məkanında təkcə Cənubi Qafqazda yox, bir sıra regionlarda da göstərir. 44 günlük müharibədən sonra bu toqquşma daha aktiv fazaya keçdi. Rusiyanın forpostu olan Ermənistan artıq Rusiyaya qarşı savaş meydanına çevrilib. Ermənistanda hakimiyyət uğrunda mübarizə gedir. Bunun arxasında iki qüvvə dayanır. ABŞ hakimiyyətdə olanları qorumaq istəyir, Rusiya isə müxalifəti hakimiyyətə gətirmək niyyətindədir”, – deyə o qeyd edib.
Ekspert bildirib ki, Rusiya Ermənistanda daha çox mövcuddur, nəinki Azərbaycan və Gürcüstanda:
“Rusiya Gürcüstanın torpaqlarını işğal edib. Ancaq münasibətləri düzəltmək istəyir. Gürcüstan isə iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün addımlar atır. Ermənistanda real olaraq, yəni hərbi və iqtisadi baxımdan mövcuddur. Siyasi baxımdan isə mövcud deyil. Qərb Rusiyanı sıxışdırıb, çıxarmaq istəyir. 44 günlük müharibə, xüsusilə anti-terror əməliyyatından sonra Azərbaycan sanki arxa fona keçib, Qərb Rusiya qarşıdurmasını Rusiya da etiraf edir”.
İ.İsmayıl vurğulayıb ki, Mariya Zaxarova hər həftə keçirdiyi brifinqlərdə Qərbi və Ermənistanı ittiham edir.
“KTMT üzvü olan dövlət ABŞ ilə hərbi təlimlər keçirir, ABŞ hərbçiləri Ermənistan müdafiə nazirliyində işə qəbul olunur. Bu paradoksdur. Bu yarananda gərginlik artacaq.
Fransa Ermənistanda yeni Ermənistan yaratmaq istəyir. Yeni Kalidoniyanın bir formasını yaratmaq istəyir. Fransa istəyir ki, Ermənistan formal müstəqil olsun, oradan Gürcüstana və Azərbaycana təsir və təzyiqlər etsin. Azərbaycan Prezidenti ona görə deyir ki, Fransa bu regiona daxil ola bilməz. Azərbaycan bu zaman müttəfiq kimi Rusiyanı, İranı və Türkiyəni seçir. Fransanın Türkiyə ilə də münasibətləri çox pisdir. Bəzən Azərbaycanı ittiham edirlər ki, Qərbdən qaçır. Hazırkı situasiyada Azərbaycanın maraqları məcbur edir ki, Rusiya, İran və Türkiyə ilə birgə hərəkət etsin”, – deyə o yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az