“Cənubi Qafqazla bağlı proseslərə seçkinin təsirinin necə olacağını zaman göstərəcək”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-də keçiriləcək prezident seçkilərinin Cənubi Qafqaza təsirindən danışan politoloq Rəfail Becanov deyib.
Onun sözərinə görə, ABŞ-də keçirilən seçkilər dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bu seçkilər dünyanın diqqətinin yönəldiyi əsas və mühüm məsələlərdən biridir.
“Dünyanın supergücü kimi qəbul edilən dövlətdə kimin hakimiyyətə gəlməsi, hansı siyasi xəttə üstünlük verməsi az qala qitələrin taleyini həll edir.
Baydenin dövründə dünya iqtisadiyyatına təsir etmək gücündə olan Rusiya-Ukrayna müharibəsi başlayıb və hələ də sonu görünmür. Tramp isə bütün çıxışlarında bu müharibəni dayandıracağını və dünyaya sülh gətirəcəyini bəyan edir.
ABŞ dünya siyasətinə çox ciddi şəkildə müdaxilə və dəyişiklik edə bilən supergücdür. Ona görə də seçkinin nəticələri bizim də diqqətimizi çəkir. Cənubi Qafqazla bağlı proseslərə seçkinin təsirinin necə olacağını zaman göstərəcək. Hazırda Cənubi Qafqaz uğrunda böyük anlamda mübarizə gedir. ABŞ, Fransa regionda nəzarəti ələ almaq, Rusiya bu nəzarəti itirməmək uğrunda çalışır. Region dövlətləri olaraq Türkiyə və İran geosiyasi toqquşmanın onların mövqelərinə təsir etməməsi üçün öz maraqlarını müdafiə edir. Bu baxımdan hazırda Cənubi Qafqaz sabit görünən, lakin maraqların toqquşduğu əsas strateji nöqtələrdən biridir.
Düşünürəm ki, Bayden qalib gələrsə, indiki mübarizə davam edəcək. Tramp isə bir qədər yumşaq siyasət aparacaq. Lakin bu proseslərin Azərbaycanla münasibətlərə hər hansı təsirinin olması gözlənilən deyil. Ona görə ki, Azərbaycan sabit, davamlı, düşünülmüş və bütün dövlətlərlə bərabər hüquqlu xarici siyasət aparır. Bu isə istər regional, istər beynəlxalq geosiyasi mübarizələrdə bizim xeyrimizədir. Çünki bütün tərəflər bizimlə əməkdaşlığa çalışır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az