Rusiya-Ukrayna müharibəsi artıq elə həddə gəlib çıxıb ki, ölkələr, xüsusilə Rusiyanın təsir dairəsində olanlar müharibənin nəticəsini gözləyir və gələcək addımlarını buna uyğun atacaqlar.
Cənubi Qafqazdakı xüsusilə Ermənistanla Gürcüstan bu nəticəni daha çox gözləyənlərdəndir. Azərbaycanı bu siyahıya qatmaq olmur. Çünki rəsmi Bakı ortaya konkret mövqe qoyub. Azərbaycan Avropaya üz tutmayacağını dəfələrlə dilə gətirib. Avropa ilə yalnız iqtisadi əlaqələrin mümkünlüyü bildirilib. Bundan əlavə, mədəni və digər əlaqələrin isə Türk Dövlətlər Birliyi ilə bağlayıb. Qeyd edək ki, Azərbaycan 22 fevral 2022-ci ildə Rusiya ilə Moskva bəyannaməsi imzalayıb və əslində seçimini etmiş kimi göstərib.
Ermənistanla Gürcüstan isə hələ də gözləmə mövqeyindədir. Rusiya Ukraynada təzyiqi artıranda Gürcüstan və Ermənistan başqa havaya, vəziyyət bir qədər dəyişəndə isə tamamilə başqa havaya oynayır.
Düzdür, Rusiyanın “qırmızı xətt”i həftədə bir dəfə keçilir, rəsmi Moskva buna göz yummalı olur, ancaq Ermənistanla bağlı bunun olacağını düşünmürəm. Çünki Ermənistanın addımları Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara bilər. Rusiyanın isə bu regiondan çıxacağını, ən azı qansız çıxacağını düşünmək sadəlöhvlük olardı. Azərbaycan-Belarus münasibətləri heç kimə sirr deyil. Lukaşenko dara düşəndə ilk qapısını döydüyü ölkə Azərbaycandır. Lukaşenkonun Şuşa səfəri, quruculuğa verəcəyi dəstək, heç şübhəsiz, Ermənistanda müsbət qarşılana bilməzdi. Vəziyyət hətta o həddə gəlib çıxdı ki, Paşinyan, “Lukaşenko nə qədər Belarus prezidenti olacaq, bir də ora səfər etməyəcəyəm”, dedi. Bundan əlavə, Paşinyan KTMT-dən çıxacaqlarını da bəyan etdi. Düzdür, daha sonra Ararat Mirzoyan Paşinyanın bəyanatına düzəliş etdi, ancaq görünən odur ki, Ermənistan baş naziri qərar verib, sadəcə olaraq, vaxtını müəyyən edə bilmir. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi burada önəmli rol oynayacaq.
Ümumiyyətlə, Ukrayna Rusiya müharibəsinin nəticəsi mütləq şəkildə Cənubi Qafqaza iqtisadi, siyasi və hərbi cəhətdən təsir edəcək.
44 günlük müharibədən sonra Azərbaycanda ən çox müzakirə olunan, cəmiyyətin ən çox narazılıq etdiyi məsələlərdən biri keçmiş Dağlıq Qarabağ probleminin həll olmaması idi. Cəmiyyətin bir qismi hətta 44 günlük müharibənin nəticəsində əldə edilən hərbi qələbəni yarımçıq qələbə kimi görürdülər. Rusiya sülhməramlılarının Azərbaycan ərazisində olması, göstərdiyi fəaliyyət isə hər kəsə məlum idi. Ermənistan hətta 2022-ci ilin fevralına qədər Rusiya ilə Azərbaycanı üz-üzə qoymağı da bacarmışdı. O zaman da yazırdım ki, Azərbaycan Rusiya ilə uzlaşma əldə etmədən nəticə əldə etmək mümkün olmayacaq. Azərbaycan nəinki uzlaşma əldə etdi, hətta elə bir siyasət həyata keçirdi ki, nəticədə Rusiya ilə Ermənistan üz-üzə qaldı və tərəflər arasında gərginlik hələ də davam etməkdədir.
Gələk İran Azərbaycan münasibətlərinə. İran Azərbaycan münasibətləri bir qərinəlik dövrdə bəlkə 50 dəfə gərginləşib, yumşalmaya gedilib. İranın Azərbaycana münasibəti məlumdur. İran müstəqil Azərbaycanın varlığını həzm etmir, qəbul etmir, nə vaxtsa bunun olacağını da gözləmirəm. Təbii ki, Azərbaycanda da İrana aqressiv bir kəsim var. Bunları kənara qoyub, başqa məsələyə diqqət çəkmək istəyirəm.
Azərbaycanda İrana aqressiyanın əsas səbəblərindən biri İran-Ermənistan münasibətləri idi. İran ən çox Ermənistana isti münasibətinə görə tənqid hədəfinə çevrilirdi. Azərbaycan kimi ölkələr İran və Rusiya kimi ölkələrlə qonşudursa, onlarla dil tapmağı, uzlaşmağı, dost olmasa belə, düşmən olmamağı bacarmalıdır.
Azərbaycan və İranda taktiki təlimlər keçiriləcək. Bunun səbəblərinə bir neçə yöndən baxmaq olar. Ermənistan faktiki olaraq Qərbi öz ərazisinə yerləşdirməklə məşğuldur. Düzdür, buna hər nə qədər Rusiya daha aqressiv reaksiya versə də, İran da prosesi izləyir və açıq olmasa da, mövqe nümayiş etdirməlidir. İranın Ermənistana bir neçə dəfə birgə hərbi təlimlər keçirmək təklifi olduğunu sözü gedən ölkələrin KİV-lərində rast gəlmişik. Məsələ ondadır ki, Ermənistan hər dəfə bu təklifi cavabsız qoyub. İndiki məqamda İranla Azərbaycanın taktiki təlimlər keçirməsi bir növ Ermənistana da mesaj kimi qiymətlindirilməlidir. Çünki İran da anladı ki, İrana təhdid Azərbaycandan daha çox Ermənistandan gələ bilər. Yeri gəlmişkən, bu hərbi təlimlərin keçirilməsi gözlənilən idi. Çünki may ayının 3-də müdafiə nazirinin müavini Kərəm Mustafayevin İran səfəri prosesin hara getdiyini göstərirdi. Azərbaycan Rusiyanı öz tərəfinə çəkib, Ermənistanla üz-üzə qoyduğu kimi İranı da çəkməlidir. Əgər rəsmi Bakı bunu bacaracaqsa, təhlükəsizliyini də təmin etmiş olacaq.
Rusiyanı və İranı Ermənistandan qoparıb, öz yanına çəkmək hardan baxsan, böyük işdir. Bu çabadan daxilə yönəlik də sərf edilsə…
www.yenicag.az