Ceyhun Bayramov ABŞ-nin Ticarət Missiyasının nümayəndələrini qəbul etdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı cari ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.
Bu xüsusda ölkənin qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.
Orta Dəhliz üzrə Xəzər dənizinin şərqindəki tərəfdaş dövlətlər, dost və qardaş Mərkəzi Asiya ölkələri ilə həmçinin Azərbaycanın strateji əlaqələrə malik olduğu məmnunluqla xatırlanıb.
Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkənin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.
Azərbaycanın hazırda nəhəng bərpaolunan enerji resurslarının inkişafı və Avropaya ötürülməsi üzrə tərəfdaş ölkələrlə genişmiqyaslı fəaliyyətlər həyata keçirdiyi qeyd olunub, bu məqsədlə Qara Dəniz Enerji sualtı kabelinin inşası kimi konkret layihələrin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb./report