24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ukrayna xarici xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri, eləcə də regional məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib.
Görüşdə, hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi ilə bağlı göstərilən davamlı mövqenin əhəmiyyəti qeyd olunub.
Azərbaycanın Ukraynaya humanitar yardım fəaliyyəti, o cümlədən bərpa və yenidənqurma işlərinə göstərilən dəstək yüksək qiymətləndirilib.
Tərəflər iki ölkə arasında mövcud siyasi dialoqun ikitərəfli siyasi-diplomatik əlaqələrin inkişafına töhfə verən əsas amillərdən biri olaraq dəyərləndiriblər.
Görüşdə eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində yeni əməkdaşlıq Imkanlarından bəhs olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, Azərbaycanla Ermənistan arasında normallama prosesinin cari vəziyyəti barədə məlumatlandırıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
www.yenicag.az