Çində “ChatGPT”dən avtoritar məqsədlərlə istifadə edildiyi üzə çıxdı
“OpenAI” şirkəti Çin mərkəzli bəzi istifadəçilərin “ChatGPT” süni intellekt çat-botunu “avtoritar sui-istifadələr” üçün istifadə etdiyini açıqlayıb.
Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, şirkət milli təhlükəsizlik istifadəsi ilə bağlı siyasətləri pozduqlarına görə Çindəki müxtəlif dövlət qurumları ilə əlaqəli görünən bir neçə hesabı blokladığını bəyan edib.
“OpenAI”nin son hesabatında qeyd edilir ki, bloklanan hesablardan bəziləri sosial mediada müzakirələri izləmək məqsədi daşıyan böyük sistemlər üçün süni intellekt modellərindən “iş təklifləri yaratmasını” istəyiblər.
Bu cür istifadə nümunələri fərdi görünsə də, süni intellektin avtoritar sui-istifadələrinin geniş dünyasına nadir bir baxış təqdim edir.
Dəyəri 500 milyard dollara çatan bu nəhəng şirkət bir qrup Çin hesabı tərəfindən “ChatGPT”nin istifadə edildiyini aşkarlayıb. Bu istifadə halları Tayvanın yarımkeçirici sektoru, ABŞ akademiyası və Çin Kommunist Partiyasını tənqid edən siyasi qruplara qarşı həyata keçirilən kiber əməliyyatlarda müşahidə olunub.
Hətta bəzi hallarda təhlükə aktorları informasiya texnologiyaları sistemlərini pozmaq məqsədilə fişinq kampaniyaları keçirmək üçün “ChatGPT”dən istifadə edərək ingiliscə rəsmi e-poçtlar hazırlayıblar.
Qeyd edək ki, “ChatGPT” Çində “Böyük Çin Təhlükəsizlik Səddi” adlanan sərt internet senzurası səbəbindən rəsmi olaraq istifadə edilə bilmir. Lakin “OpenAI” virtual özəl şəbəkələr (VPN) vasitəsilə əldə edilə bilən tətbiqin Çincə versiyalarını təqdim edir.