Çindən Türkiyəyə təhdid məktubu
Çinin dövlət şirkəti Sinosteel Türkiyədə fəaliyyət göstərən nümayəndəliklərinə məktub göndərib. Məktubda bildirilir ki, Çin əleyhinə etirazlar davam edərsə, bu hal investiya yatırımlarına ciddi şəkildə təsir göstərəcək. Bildirək ki, bəzi dairələr Çin hökumətinin uyğurlara qarşı etnik ayrı-seçkilik siyasəti apardığını vurğulayır.
Yenicag.az xəbər verir ki, Sinoostel-in Türkiyə nümayəndəsi Li Sunq bəzi qurumlara xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir: “Əsassız xəbərlər inanmayın. Çin hökuməti uyğurların azad və sərbəst fəaliyyətinə şərait yaradıb. Sincan-Uyğur bölgəsində yaşayan müsəlman uyğurlar oruc tutmaq, namaz qılmaq, iftar süfrələrində bir araya gəlmək kimi azadlıqlara sahibdirlər.Uyğurlar Ramazan ayı ərzində dinc şəkildə həyatlarını davam etdirirlər.”
Türk-Çin əməkdaşlıq şurasının sədr müavini Necati Abacıoğlu bildirib ki, çinlilər küçələrə çıxmağa qorxurlar. O deyir ki, hadisələrin bu formada gedişatı iki ölkə arasında iqtisadi böhrana gətirib çıxara bilər.
Qeyd edək ki, Türkiyə Çindən əsasən elektronik mallar idxal edir. Çin Türkiyə iqtisadiyyatında ən böyük paya sahib 2-ci ölkədir.