İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirdi
İran Livanda atəşkəs elan olunana qədər ABŞ ilə sanksiyalar və İranın nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamayacaq.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.
“Bugünkü İsveçrədə keçirilən görüş 18 iyun 2026-cı il tarixli müharibənin sonu haqqında Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsinin monitorinqinə həsr olunub. Memorandumun 13-cü maddəsinə əsasən, yekun razılaşma üzrə danışıqların başlanması 1, 4, 5, 10 və 11-ci maddələrin tətbiqindən asılıdır. Bu müddəaların, xüsusən də 1-ci maddənin (Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılması) tətbiqi olmadan yekun razılaşma üzrə danışıqlar mərhələsinə keçmək mümkün deyil”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, İsveçrədəki danışıqlarda İran neftinin ixracı və aktivlərin dondurulmasının aradan qaldırılması da daxil olmaqla, memorandumun bütün bəndlərinin həyata keçirilməsi müzakirə olunacaq.













