Çinin yuxusunu qaçıran beş min uyğur: Suriya 84-cü duviziyanı Rəsmi Pekinə qurban verəcək?
Çin uzun illər Suriyada Bəşər Əsədi dəstəkləyib və BMT Təhlükəsizlik Şurasında onun əleyhinə olan qətnamələri bloklayıb. Lakin 2024-cü ilin sonunda Əsəd devrildikdən və hakimiyyətə Əhməd əş-Şaraa gəldikdən sonra Pekin–Dəməşq münasibətlərində əsas gərginlik mövzusu uyğur döyüşçülər məsələsi olub.
Yenicag.az xəbər verir ki, təxminən 5 min uyğur silahlısı vaxtilə Çindən qaçaraq Suriyaya gedib, əsasən Türköstan İslam Partiyasının tərkibində müxalifət tərəfində vuruşub və Əsədin devrilməsində nəzərəçarpan rol oynayıb. Rejim dəyişəndən sonra bu döyüşçülərin dəstələri Suriya ordusunun 84-cü diviziyasına inteqrasiya edilib, onların liderlərindən birinə briqada generalı, ikisinə polkovnik rütbəsi verilib.
Çin bu vəziyyəti milli təhlükəsizliyinə ciddi təhdid sayır. Xüsusilə Əsədin devrilməsi günü uyğurların Dəməşq üzərində Şərqi Türküstan bayrağını qaldırması Pekində, onların əsas siyasi məqsədinin Çindən müstəqillik tələbinin qaldığını göstərən siqnal kimi qəbul edilib. Rəsmi Pekin Suriyadan tələb edir ki, uyğur döyüşçüləri həbs edib Çinə təhvil versin. Dəməşq isə bunu açıq şəkildə rədd edir, amma Çinin narahatlığını “başa düşdüyünü” və Suriya ərazisinin Çinə qarşı hücum meydanına çevrilməsinə imkan verməyəcəyini bildirir.
Siyasi şərhçi Ruslan Bəşirli Yenicag.az-a açıqlamasında qeyd edir ki, Pekinlə aparılan danışıqlarda kompromis variantlar müzakirə olunur: uyğur birləşmələri üzərində nəzarətin gücləndirilməsi, onlara pasport verilməməsi, 84-cü diviziyanın Çin sərmayələrinin yerləşdiyi Dəməşqdən uzaq regionlara köçürülməsi kimi addımlar nəzərdən keçirilir. Çin bu cür “ara həllərə” müəyyən qədər razı ola bilər.
Digər tərəfdən, Çin Suriyanın bərpasına böyük həcmli sərmayə qoymağa tələsmir. Hətta Əsəd dövründə verdiyi böyük vədlər də reallaşmayıb: 2017-ci ildə elan olunan 2 milyard $lıq sənaye zonasına investisiya həyata keçirilməyib, son illərdə birbaşa Çin sərmayələri isə milyonlarla belə ölçülmür. Təhlükəsizlik mühitinin qeyri-sabitliyi və risklərin yüksək olması Çinin Suriyaya geri dönüşünü və münasibətlərin dərinləşməsini əsasən məhdudlaşdıran amildir.
Onun fikrincə, Suriya uyğur döyüşçülərini Çinə vermək istəmir, çünki onlar artıq 84‑cü diviziya vasitəsilə ölkə ordusunun və daxili güc balansının bir hissəsinə çevriliblər. Onun vurğuladığına görə, bu qədər təcrübəli silahlı şəxsin birdən‑birə Pekinə təhvil verilməsi həm orduda, həm də islamçı dairələrdə Dəməşqə qarşı ciddi narazılıq və təhlükəsizlik riski yarada bilər. Eyni zamanda, Ruslanın diqqət çəkdiyi başqa məqam odur ki, “müsəlman döyüşçülərin Çinə verilməsi” ictimai rəy baxımından Suriya hakimiyyəti üçün həssas mövzudur və rejim bu imic yükünü daşımaq istəmir.
Ruslan Bəşirli həm də vurğulayır ki, Dəməşq rəsmi xəttdə göstərməyə çalışır: “Çinlə uyğurlar arasındakı münaqişə Suriya üçün prioritet deyil və Suriya ərazisi Pekinə qarşı plasdarm olmayacaq.” Bununla belə, o bildirir ki, Suriya öz suveren qərarvermə imkanından imtina etmək, yəni bu kartı tam bağlamaq niyyətində deyil.
Türkiyə məsələsinə gələndə, Ruslan Bəşirli xüsusi olaraq qeyd edir ki, hazırda konkret olaraq uyğur döyüşçülərin Çinə verilməməsində Ankaranın birbaşa, həlledici təsirini göstərən açıq faktlar görünmür; onun fikrincə, bu məsələdə əsas müəyyənedici xətt Suriyanın öz təhlükəsizlik hesablamaları və daxili siyasi balansıdır.
Camal Cavanşir












