!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinlə imzalanan Bəyannamədə diqqət çəkən MƏQAM: Yeni beynəlxalq münasibətlər sistemi yaradılır – Səxavət Məmməd yazır

!Reklam – Yazi

44 günlük müharibəyə qədər Azərbaycan balanslı siyasət aparırdı. Məsələ ondadır ki, 2020-ci ilə qədər bunun mümkün olmayacağını dəfələrlə yazılarımda yazıb və izah etmişdim. Nəinki Azərbaycan, bütün ölkələr seçim qarşısında qalacaqdı və qaldı da. Beləcə ölkələr tərəflərini seçmək məcburiyyətində qaldı. Bəli, məcburiyyətində. Çünki bu məsələdə dövlətlərin seçim şansı demək olar ki, yoxdur. Bunun da müxtəlif səbəbləri var: ticarət əlaqələri, təhdidlər, təzyiqlər, şantajlar, hakimiyyətlərin qorunub saxlanılması.

Azərbaycan 44 günlük müharibədən sonra yönünü, konkret olaraq, Şərqə doğru tutub. İlk olaraq Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında, ardınca Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında, dünən isə Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalandı. Yeri gəlmişkən, Pakistanla da Azərbaycan arasında bənzər Bəyannamə imzalanıb. Bütün Bəyannamələrdə açıq şəkildə qeyd olunur ki, dövlətlər münasibətlərini məhz bu sənədlə tənizmləyəcək. Yəni balanslaşdırılmış siyasət artıq tarix olub. Yəqin ki, bir də bu ifadəni eşitməyəcəyik. Rəsmi Bakı açıq şəkildə bildirir ki, Qərblə münasibətləri yalnız ticari əlaqələr üzərində qurula bilər. Azərbaycan hərbi, mədəni və digər sahələrdə isə daha çox Şərqə yön tutub.

Digər tərəfdən, Azərbaycan Türk Dövlətləri Təşkilatının aparıcı üzvlərindədir. Bundan əlavə isə 3+3 formatı da baş tutması real görünə bilər.

Çin və Rusiyanın əsas məqsədlərindən biri isə Türkiyəni NATO-dan çəkib çıxarmaqdır. Bunun o qədər də asan proses olacağını gözləmək doğru deyil. Bunun üçün ən azı böyük bir müharibənin baş verməsi lazımdır.

Azərbaycan Çinlə imzalandığı Bəyannamədə Tayvan məsələsi ilə bağlı ortaya konkret mövqe qoydu – Tayvan Çindir! Artıq ABŞ-nin xoşu gəlsin deyə, bu addımı atım, Çinin xətrinə dəyməsin deyə, “bu cür davranım”, anlayışı tarix oldu.

Şanxay Əməkdaşlıq Təşkilatı hələ ki iqtisadi təşkilat kimi fəaliyyət göstərir. Məsələ ondadır ki, ad fərqli də ola bilər, şərq cəbhəsində yer alan ölkələrin hərbi təşkilat qurmaq ehtimalı da yüksək görünür. Bütün bunların fonunda Türk Dövlətləri Təşkilatı (TDT) böyük əhəmiyyət kəsb edəcək. Bu təşkilat təbii ki, ancaq siyasi, iqtisadi və mədəni təşkilat olaraq qalacaq. Əslində, bu Təşkilatı Şərqlə Qərb arasında bufer zona kimi qiymətləndirmək olar. Azərbaycanda bir çoxları TDT-nin hərbi ittifaq olacağını, hətta Turan ordusunun qurulması yönündə fikirlər səsləndirirlər. Heç bir ölkə eyni vaxtda iki hərbi blokda təmsil oluna bilməz. Bu o deməkdir ki, Türkiyə NATO-dan, KTMT-də olan dövlətlər isə oradan çıxmalıdır. Hesab edək ki, belə bir hərbi təşkilat yarandı. Bunun təsir gücü nə qədər olacaq? Hər şeydən önəmlisi isə bu təşkilatda olanların heç birinin nüvə silahı yoxdur. Arzular, xəyallar, populizm…

Çinlə imzalanan Bəyannamədə açıq şəkildə qeyd edilir ki, milli, eləcə də regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə imkan verməməyə hazırdırlar. Yəni Çin üçün Azərbaycanın, Azərbaycan üçün isə Çinin maraqları bundan sonra nəzərə alınacaq. Bu maddə Urumçi məsələsinə də aydınlıq gətirir.

Çinlə imzalanan Bəyannamədə diqqət çəkən bir məsələ isə “yeni beynəlxalq münasibətlər sisteminin yaradılması”dır. Görünən odur ki, Çin hazırkı münasibətlər sistemini dəyişmək istəyir və açıqca Azərbaycan da bunu dəstəkləyir.

Çin ABŞ və Rusiyadan (keçmiş imperiyaların hamısından) fərqli olaraq hərbi yolla yox, iqtisadi, maliyyə, sərmayə yatırımları ilə genişlənir, böyüyür. Bu Bəyannamədən sonra Çinin Azərbaycana ciddi sərmayə yatıracağını görəcəyik. Düzdür, tərəflər arasında hərbi sahədə konkret əməkdaşlıq məsələsi qeyd edilməsə də, Çin şirkətləri Bakıda keçiriləcək ADEX beynəlxalq hərbi sərgisində iştirak edəcək.

Digər məsələ isə “Bir kəmər, bir yol” layihəsi ilə bağlıdır. Görünən odur ki, Çin layihənin həyata keçməsi üçün gücünü ortaya qoyacaq. Hətta tərəflər multimodal daşımaların (yüklərin hərəkətini asanlaşdırmaq, yəni daha sürətli və daha səmərəli etmək üçün müxtəlif nəqliyyat vasitələrinin birləşməsidir – S.M.) inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirmək yönündə də anlaşıblar. Yəni Zəngəzur dəhilzinin açılması üçün Çinin əməli addımlar atacağını deyə bilərik.

Cəmiyyətin bir qismi qəbul etməsə də, görünən odur ki, Azərbaycan bilərək, istəyərək, hesablayaraq, üzünü Şərqə tutub. Hətta İranla da bənzər Bəyannamə imzalansa, təəccüb etməyəcəm. Şərq yolunun doğru, yoxsa yanlış olduğunu demək çətindir. Zaman göstərəcək…

Səxavət Məmməd

COP29

www.yenicag.az

788
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv